UNEC Xanım Tədqiqatçılar Şurasının alimlərinin elmi əsəri “Wiley” nəşriyyatında dərc olunub
Bakı, 30 iyul, AZƏRTAC
UNEC Xanım Tədqiqatçılar Şurasının rəhbəri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Nərgiz Hacıyeva və Şuranın üzvü, Hindistanın Çitkara Universitetinin professoru Kiran Soodun həmmüəllifi olduqları “Azərbaycanın emal sənayesində texnoloji innovasiya xərclərinin məhsuldarlıq artımına təsirinin qiymətləndirilməsi” (Evaluating the Effects of Technological Innovation Spending on Productivity Growth in Azerbaijan's Manufacturing Industry) adlı elmi məqalə “John Wiley & Sons” nəşriyyatının “Scopus” indeksli “Sustainable Practices in Finance, Economics and Technology” (Maliyyə, iqtisadiyyat və texnologiyada davamlı təcrübələr) kitabının 18-ci fəsli kimi nəşr olunub.
Məqalənin digər həmmüəllifləri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Əliağa Qasımov, dosent Vəkil İbrahimov və tədqiqatçı Natəvan Bəyməmmədlidir.
Dosent Nərgiz Hacıyeva AZƏRTAC-a açıqlamasında tədqiqatın beynəlxalq elmi nəşrdə dərc olunması və onun əsas nəticələri barədə məlumat verib. O qeyd edib ki, tədqiqatda Azərbaycanın emal sənayesində texnoloji innovasiya xərclərinin əmək məhsuldarlığına təsiri rəsmi statistik məlumatlar əsasında ekonometrik metodlarla qiymətləndirilib. Araşdırmada innovasiya xərcləri ilə məhsuldarlıq arasında qarşılıqlı əlaqə təhlil edilib, ölkənin innovasiya sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri elmi əsaslarla təhlil olunub.
Məqalədə Azərbaycanın elmi-tədqiqat və təcrübi-konstruktor işlərinə (R&D) ayrılan vəsaitlərin ÜDM-də payının cəmi 0,2 faiz olması, R&D maliyyələşməsinin əsasən dövlət sektoru tərəfindən həyata keçirilməsi və fundamental tədqiqatların üstünlük təşkil etməsi innovasiya sisteminin inkişafına təsir edən əsas amillər kimi təqdim olunub. N.Hacıyeva sənaye–universitet əməkdaşlığının gücləndirilməsinin, tətbiqi tədqiqatların genişləndirilməsinin və innovasiya investisiyalarının artırılmasının emal sənayesinin rəqabət qabiliyyətinin yüksəldilməsi baxımından əhəmiyyət daşıdığını vurğulayıb.
“John Wiley & Sons” nəşriyyatında çap olunan bu tədqiqat UNEC Xanım Tədqiqatçılar Şurasının üzvlərinin beynəlxalq elmi əməkdaşlıq və yüksəkimpaktlı elmi nəşrlərdə uğurlu fəaliyyətinin növbəti göstəricisi olmaqla yanaşı, Azərbaycanın innovasiya siyasəti və sənaye inkişafı sahəsində aparılan tədqiqatlara elmi töhfə verir.