MƏDƏNİYYƏT
UNESCO-nun konfransında Nizami Gəncəvidən danışılacaqdır
Bakı, 10 aprel (AZƏRTAC). XIII əsrin böyük hind şairi Əmir Xosrov Dəhləvinin dünya ədəbiyyatı və mədəniyyəti tarixindəki xüsusi xidmətləri UNESCO-nun aprelin 11-12-də Tacikistanın paytaxtı Düşənbədə keçiriləcək beynəlxalq konfransının əsas müzakirə mövzusu olacaqdır.
AZƏRTAC xəbər verir ki, dünyanın bir sıra ölkələrindən tanınmış mütəxəssislərin iştirak edəcəkləri həmin mötəbər beynəlxalq tədbirdə ölkəmizi Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmləri doktoru, professor Rafael Hüseynov təmsil edəcəkdir.
Azərbaycanlı alim beynəlxalq konfransın plenar iclasında “”Nizami Gəncəvinin ədəbi məktəbinin dünya əhəmiyyəti və Əmir Xosrov Dəhləvinin bu ənənənin bədii-estetik prinsiplərinin formalaşmasında rolu” mövzusunda məruzə edəcəkdir.