UNICEF-lə birgə gələcək fəaliyyət istiqamətləri müzakirə edilib
Bakı, 1 iyun, AZƏRTAC
“Uşaqlarla bağlı sosial xidmətlər və reabilitasiya sisteminin mütərəqqi beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsi fəaliyyətimizdə mühüm yer tutur və bu sahədə UNICEF-lə əməkdaşlığın daha geniş müstəvidə qurulması xüsusi əhəmiyyət kəsb edir”.
Bunu Beynəlxalq Əmək Təşkilatının (BƏT) Beynəlxalq Əmək Konfransının 107-ci sessiyasında iştirak edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, ölkəmizin əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev sessiya çərçivəsində UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru xanım Əfşan Xanla görüşündə bildirib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə BMT-nin Cenevrədəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Vaqif Sadıqov da iştirak edib.
S.Babayev uşaqların sosial müdafiəsi, onlara göstərilən sosial xidmətlərlə bağlı milli qanunvericilik, mövcud sosial xidmətlər sistemi, sosial xidmət və reabilitasiya müəssisələri barədə məlumat verib. Nazir bu sahələrdə qanunvericiliyin və infrastrukturun təkmilləşdirilməsi, sosial işçi personalının peşəkarlıq səviyyələrinin artırılması, habelə müvafiq sahə üzrə qiymətləndirmələrin həyata keçirilməsi və strateji hədəflərin müəyyən edilməsi, gənclərin bacarıqlarının inkişaf etdirilməsi üzrə UNICEF-lə əməkdaşlığın davam etdirilməsinin məqsədəuyğun olduğunu bildirib. O, həmçinin demoqrafik təhlillərin bir seqmenti olaraq, uşaqlar və gənclər üzrə də bu təhlillərin aparılmasında UNICEF-in ekspert dəstəyinə ehtiyac olduğunu diqqətə çatdırıb. S.Babayev ölkədə icra olunan aktiv əmək bazarı proqramlarından, həmçinin özünüməşğulluq proqramından bəhs edib, o cümlədən xüsusi qayğıya ehtiyac duyan gənclərin də bu proqrama cəlb edilməsinin mümkünlüyünü bildirib. Görüşdə UNICEF-in Azərbaycanla bağlı 2016-2020-ci illəri əhatə edən ölkə proqramı çərçivəsində əməkdaşlıq müstəvisinin daha da genişlənməsinin vacibliyi vurğulanıb.
Xanım Ə.Xan Azərbaycanda sosial xidmətlər sisteminin inkişafı, uşaqlara yönələn sosial xidmət siyasətinin təkmil əsaslar üzərində qurulması, gənclərin əmək bazarına çıxışının dəstəklənməsi kimi vacib istiqamətlərdə görülən işlərə lazımi dəstəyin göstəriləcəyini, ölkə proqramı çərçivəsində birgə işlərin daha da gücləndiriləcəyini bildirib.
Görüşdə müzakirə olunan məsələlər haqqında danışan V.Sadıqov Dayanıqlı İnkişaf Məqsədləri baxımından da bu məsələlərin aktuallığını qeyd edib. O, bu ilin oktyabrında Dayanıqlı İnkişaf Məqsədlərinə həsr olunmuş Bakı Forumunun keçiriləcəyini bildirib. V.Sadıqov bu görüşdə qeyd olunan əməkdaşlıq istiqamətləri üzrə UNICEF tərəfindən tədbirlər planı və ya yol xəritəsinin də hazırlanmasının məqsədəuyğunluğunu, eyni zamanda, bu mövzularla bağlı ictimai məlumatlandırmanın da genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.
Görüş UNICEF-in Azərbaycanla bağlı 2016-2020-ci illəri əhatə edən ölkə proqramı çərçivəsində görüləcək işlərin müzakirəsi ilə davam edib.