Uşaq evi sosial xidmət müəssisəsində yanğın zamanı davranış qaydaları öyrədilib
Bakı, 17 mart, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin təşkilatçılığı və Dövlət Yanğından Mühafizə Xidmətinin iştirakı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin hüquqi idarəetməsində olan 3 saylı Uşaq evi sosial xidmət müəssisəsində “Fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə” mövzusunda təlim keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, canlı qüvvə və texnikanın cəlb edildiyi təlimin keçirilməsində məqsəd müəssisənin kollektivinə fövqəladə hallar, o cümlədən yanğınlar zamanı davranış qaydalarının aşılanması olub.
Təlimin nəzəri hissəsi çərçivəsində FHN-in əməkdaşları tərəfindən müəssisənin kollektivinə yanğın zamanı zəruri davranış qaydaları, təxliyə tədbirləri barədə ətraflı məlumat verilib, bu barədə videoçarxlar nümayiş olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə göstərilib, suallar cavablandırılıb.
Təlimin praktiki hissəsində şərti yanğın zamanı “Həyəcan” siqnalı verildikdən sonra yanğınsöndürənlər operativ qaydada “hadisə” yerinə çataraq, “yanğınla mübarizə” tədbirlərinə başlayıblar. Şərti yanğın baş vermiş müəssisədə təxliyə planına uyğun olaraq, işçi və sakinlərin təhlükəsiz yerə təxliyəsi həyata keçirilib, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi” əməliyyatları yerinə yetirilib.
Təlim uğurla başa çatıb və qarşıya qoyulmuş məqsədlərə nail olunub.
Yekunda uşaqlara bayram hədiyyələri təqdim edilib.