Uşaq evində Novruz şənliyi təşkil edilib
Bakı, 19 mart, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 1 saylı Uşaq evi sosial xidmət müəssisəsində Novruz bayramı münasibətilə tədbir təşkil olunub.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirin keçirilməsində məqsəd Novruz bayramı münasibətilə uşaq evinin sakinlərinə bayram ab-havası yaşatmaq və onların sosial rifahına, eləcə də mənəvi inkişafına dəstək olmaqdan ibarətdir.
Tədbir zamanı qonaqlar uşaqları Novruz bayramı münasibətilə təbrik edib, onlara xoşbəxt gələcək, sağlam həyat və uğurlar arzulayıblar. Qeyd olunub ki, belə tədbirlər uşaqların sosial inteqrasiyasına və onların cəmiyyətə daha rahat adaptasiyasına mühüm töhfə verir.
Uşaqların hazırladıqları rəqs nömrələri və səhnəciklər təqdim olunub.
Sonra tədbir iştirakçıları uşaqların əl işləri ilə tanış olublar.