UŞAQ HÜQUQLARININ MÜDAFİƏSİ DAİM DİQQƏT MƏRKƏZİNDƏDİR
Ədliyyə nazirinin müavini Toğrul Musayev qonağın Azərbaycana ilk səfərini yüksək qiymətləndirmiş, bu ilin yanvar ayında Cenevrədə Komitənin 41-ci sessiyasında ölkəmizin Uşaq hüquqları haqqında Konvensiya üzrə götürdüyü öhdəliklərin yerinə yetirilməsinə dair ikinci dövrü hesabatının müzakirəsini və keçirilən görüşləri xatırlayaraq, həmin sessiyadan sonra bu səfərin həyata keçirilməsinin böyük əhəmiyyətini vurğulamış, uşaq hüquqlarının təmin olunmasının dövlətimizin daim diqqət mərkəzində olduğunu, Komitənin hesabata dair tövsiyələrinin yerinə yetirilməsi ilə bağlı artıq bir sıra konkret tədbirlər görüldüyünü bildirmişdir.
Azərbaycanda yuvenal ədliyyənin təşəkkülü və inkişafı, yetkinlik yaşına çatmayanların cinayət məsuliyyətinə cəlb olunması, onlar barədə ibtidai istintaqın aparılmasının, məhkəmə baxışının, cəzanın təyin edilməsi və icrasının xüsusiyyətləri haqqında qonağa məlumat verən nazir müavini bildirmişdir ki, təcrübədə yetkinlik yaşına çatmayanlara münasibətdə milli qanunvericilikdə təsbit olunmuş humanist prinsiplər məhkəmələr tərəfindən real tətbiq olunur. O, ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına yönəldilmiş tədbirlərdən danışaraq, məhkəmə sisteminin müasirləşdirilməsinə dair respublika Prezidenti İlham Əliyevin 2006-cı il 19 yanvar tarixli Fərmanının əhəmiyyətini xüsusi vurğulamış, həmçinin, yeni qaydalarla və şəffaf prosedurlar əsasında seçilmiş hakimliyə namizədlər üçün uzunmüddətli hazırlıq kursunun tədris proqramına Uşaq Hüquqları haqqında Konvensiyanın öyrənilməsinə və yuvenal ədliyyəyə dair mühazirələrin daxil edildiyini və qonağın iştirakı ilə bu məsələlərə həsr olunmuş konfransın vacibliyini qeyd etmişdir.
Ölkəmizdə uşaq hüquqlarının qorunması ilə bağlı ciddi irəliləyişləri yüksək qiymətləndirən Y.E.Doek Azərbaycana ilk səfərindən məmnun olduğunu bildirərək, yuvenal ədliyyənin formalaşması üçün xeyli səmərəli tədbirlər həyata keçirildiyini, bununla bağlı Ədliyyə Nazirliyinin beynəlxalq qurumlar və yerli qeyri-hökumət təşkilatları ilə əməkdaşlığının əhəmiyyətini xüsusi razılıqla qeyd etmiş, ədliyyə sahəsində aparılan islahatların uşaq hüquqlarının daha etibarlı təmin edilməsinə də müsbət təsir göstərəcəyinə ümidvar olduğunu bildirmişdir.
BMT-nin Uşaq Hüquqları üzrə Komitəsinin üzvü xanım N.Viçkoviç Şahoviçin və BMT-nin Uşaq Fondunun (YUNİSEF) Azərbaycandakı nümayəndəsinin müavini xanım C.Uilkoksun da iştirak etdiyi görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
Elə həmin gün nümayəndə heyəti yetkinlik yaşına çatmayan məhkumların saxlanıldığı tərbiyə müəssisəsinə və qadınlar üçün cəzaçəkmə müəssisəsinə baş çəkmişdir.