Uşaq musiqi məktəbi şagirdlərinin Dövlət Mahnı Teatrında konserti olub
Bakı, 5 iyun, AZƏRTAC
R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında 36 nömrəli uşaq musiqi məktəbinin şagirdləri konsert proqramı ilə çıxış ediblər. Teatrdan AZƏRTAC-a bildirilib ki, məktəbin yaranmasının 30 illiyi münasibətilə reallaşan konsert proqramı Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə təşkil olunub.
İdarənin rəisi Vuqar Zeynalov əlamətdar gün münasibətilə kollektivi təbrik edərək məktəbin müəllimlərini fəxri fərmanlarla təltif edib. Məktəbin direktoru Oqtay Muxtarov təhsil ocağının yaranması və fəaliyyəti haqqında məlumat verib, əldə olunan nailiyyətlərdən danışıb.
Konsertdə Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib.