UŞAQLAR ÜÇÜN YARARLI DÜNYA YARADILMASINA HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLMİŞDİR
Tədbirdə dövlət və qeyri-hökumət təşkilatlarının, o cümlədən bir sıra nazirliklərin, respublika uşaq təşkilatlarının, habelə beynəlxalq qurumların, kütləvi informasiya vasitələrinin nümayəndələri, icra hakimiyyətləri yanında Yetkinlik Yaşına Çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların sədrləri iştirak etmişlər.
Ombudsman Elmira Süleymanova giriş sözü ilə konfransı açmışdır. UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hana Singer, Milli Məclisin sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəbli, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova, təhsil nazirinin müavini İradə Hüseynova, Xarici İşlər Nazirliyi beynəlxalq hüquq və müqavilələr idarəsinin rəisi Murad Nəcəfov, Daxili İşlər Nazirliyi baş ictimai təhlükəsizlik idarəsinin şöbə rəisi Kamal İmamverdiyev və başqaları çıxış etmişlər.
Azərbaycanın son illər ərzində dünyaya sürətli inteqrasiyası, uğurlu siyasi və iqtisadi siyasətin yürüdülməsi sayəsində ölkəmizdə yoxsulluğun azaldılmasını, əhalinin maddi rifah halının və bununla da yaşayış səviyyəsinin durmadan yüksəlməsini qeyd edən natiqlər bütün bunların böyüməkdə olan gənc nəslin vəziyyətinin yaxşılaşmasına müsbət təsir göstərdiyini nəzərə çarpdırmışlar.
Ulu öndərimiz Heydər Əliyevin uşaq problemləri ilə daim məşğul olduğu, bu problemlərin həlli istiqamətində həmişə ən səmərəli yolu göstərdiyi, uşaqlara həsr olunmuş bütün tədbirlərdə mütəmadi olaraq iştirak etdiyi xüsusilə vurğulanmışdır.
Tədbirdə qeyd edilmişdir ki, ölkə prezidenti İlham Əliyev istedadlı uşaqların sosial müdafiəsi, yoxsulluğun azaldılması, demoqrafik təhlükəsizlik və s. ilə bağlı proqramlar imzalamışdır. Son üç ildə respublika büdcəsinin sürətli artımı, bunun da sayəsində şəhid ailələrinə verilən pensiyaların, müavinətlərin, təhsilə, səhiyyəyə ayrılan vəsaitlərin artırılması uşaq hüquqlarının müdafiəsi sahəsində irəliyə atılan nəhəng addımlardandır.
Natiqlər bildirmişlər ki, Azərbaycan immunlaşdırma sahəsində çox böyük nailiyyət əldə etmişdir. Hökumətin immunlaşdırma xidmətlərinin maliyyələşdirilməsini öz üzərinə götürməsi və bu tədbirin respublikanın ərazisinin 90 faizini əhatə etməsi sevindirici hal kimi nəzərə çarpdırılmışdır.
Tədbirdə ölkəmizdə uşaq hüquqlarının qorunması sahəsində aparılan işlər, bu sahədə qəbul olunmuş dövlət proqramları xatırladılmış, BMT-nin və UNİCEF-in hazırladıqları konvensiyalara Azərbaycanın da qoşulması qeyd edilmişdir.
Çıxışlarda uşaqların sosial müdafiəsi sahəsində mövcud olan problemlərə də toxunulmuşdur.