Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Tərtərdə iki məktəb binası istifadəyə verilib
Tərtər, 1 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününü Tərtər şəhər 6 nömrəli tam orta və Qazyan kənd ümumi orta məktəblərinin şagirdləri ikiqat sevinc hissi ilə qeyd ediblər. Çünki hər iki tədris ocağı müasir tələblər səviyyəsində yenidən qurulub, zəruri məktəb avadanlıqları və mebel dəstləri ilə təchiz olunaraq istifadəyə verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə Təhsil Nazirliyinin nümayəndələrinin, ictimaiyyətin, ziyalıların, valideynlərin iştirakı ilə açılış mərasimləri keçirilib. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Təhsil Nazirliyinin ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov, rayon təhsil şöbəsinin müdiri Surxay Mirzəyev tədbirlərdə çıxış edərək, müəllim, şagird və valideynləri təhsil müəssisələrinin istifadəyə verilməsi münasibətilə təbrik edib, ölkədə və rayonda gedən sosial-iqtisadi inkişafdan, təhsil sahəsində əldə olunan uğurlardan danışıblar.
Məlumat verilib ki, bu il Təhsil Nazirliyinin xətti ilə Seydimli kənd tam orta məktəbinin binası əsaslı təmir olunub, Bayandur kəndində modul tipli ibtidai məktəb, Poladlı kəndində isə modul tipli əsas məktəb binası tikilib istifadəyə verilib. Hazırda Kovdadıq kəndində modul tipli 20 şagird yerlik ibtidai və Zolgəran kəndində 56 şagird yerlik ümumi orta məktəblərin binalarının tikintisinə başlanılıb. Qaradağlı kənd tam orta məktəbinin binası Yaponiya səfirliyinin xətti ilə əsaslı təmir olunur.
Bildirilib ki, 2016-cı il Aprel döyüşləri zamanı erməni silahlı birləşmələrinin atəşi nəticəsində dağıntıya məruz qalmış 140 şagird yerlik Qazyan kənd ümumi orta və 640 şagird yerlik şəhər 6 nömrəli tam orta məktəblərinin binaları dövlətimizin başçısının Sərəncamına əsasən əsaslı təmir olunub. 6 nömrəli tam orta məktəbdə fənn kabinələri, kimya-biologiya və fizika laboratoriyaları, idman və akt zalları, kitabxana, bufet, kompüter, tibb, hərbi və xidməti otaqlar, emalatxana yaradılıb.
1950-ci ildən fəaliyyət göstərən Qazyan kənd ümumi orta məktəb binasının dam örtüyü tamamilə təzələnib, qapı-pəncərələr, döşəmə və tavan dəyişdirilib. Binada elektrik xətti çəkilib, istilik və müşahidə sistemləri qurulub. Məktəbin həyətində abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb.
Hər iki təhsil ocağı müasir inventar və avadanlıqlarla təmin olunub.
Sonda mərasim iştirakçıları məktəblərdə yaradılan şəraitlə tanış olublar.
X X X
Həmin gün Tərtər şəhərindəki Heydər Əliyev adına parkda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram şənliyi keçirilib. Rayonun ümumtəhsil məktəblərinin şagirdləri və uşaq bağçalarında tərbiyə alan uşaqların iştirak etdiyi tədbirdə rəngarəng konsert proqramı təqdim olunub, balacalara hədiyyələr paylanıb.