Uşaqların sağlamlıqlarının qorunması Azərbaycan dövlətinin daim diqqət mərkəzindədir
Bakı, 18 noyabr, Elçin Hüseynov, AZƏRTAC
Uşaqların sağlamlıqlarının qorunması Azərbaycan dövlətinin daim diqqət mərkəzindədir. Son illər ölkəmizdə bu sahədə mühüm nailiyyətlər əldə olunsa da, pediatrik xidmətin keyfiyyətinin yaxşılaşdırılması, bu xidmətdə çalışan tibb işçilərinin peşə biliklərinin artırılması, onların beynəlxalq standartlara uyğun olması istiqamətində aparılan işlər davam etdirilir. Həmin tədbirlərin davamlılığının təmin edilməsində Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”nın əhəmiyyətli rolu var. Bu proqramın həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin tədbirlər planı hazırlanıb təsdiq edilib. Həmin tədbirlər planına uyğun olaraq Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu pediatriya sahəsində çalışan həkimlərə uşaqlar arasında geniş yayılmış xəstəliklərin erkən aşkarlanması, profilaktikası və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi üçün mütəmadi təlimlər keçir.
AZƏRTAC xəbər verir ki, noyabrın 18-də Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADHTİ) “Uşaqlar arasında geniş yayılmış xəstəliklər” mövzusunda keçirilən növbəti beynəlxalq elmi-praktiki konfrans ölkəmizdə uşaq sağlamlığına dövlət qayğısının daha bir nümunəsi hesab oluna bilər.
Konfransı açan ADHTİ-nin rektoru, tibb elmləri doktoru Nazim Qasımov mövzunun aktuallığından danışaraq deyib ki, dövlətimizin qarşısında duran prioritet məsələlərdən biri də genefondumuzun qorunmasıdır. Bu məqsədlə respublikada son illərdə uşaqların sağlamlıqlarının qorunması üçün müxtəlif tədbirlər həyata keçirilir. Bu tədbirlər sırasında uşaq xəstəliklərinin erkən diaqnostikası məsələləri daha mühüm yer tutur. Uşaq xəstəliklərinin profilaktikasında icbari dispanserizasiyadan keçirilməsinin xüsusi rolu vardır.
İnstitutun direktoru əminliklə bildirib ki, konfransda yerli və xarici mütəxəssislərin pediatriya sahəsində elmi nailiyyətlər və yeniliklərə dair məruzələri həkimlərimizin gündəlik iş praktisı üçün faydalı olacaqdır.
Sonra “Azərbaycanda uşaqlara tibbi xidmətin problemləri və perspektivlər” mövzusunda məruzə dinlənilib. Məruzədə uşaqların sağlamlıqlarının qorunması istiqamətində ölkəmizdə görülmüş işlər barədə məlumat verilib. Qeyd olunub ki, Dünya Səhiyyə Təşkilatı 2007-ci ildə Azərbaycana “Polimelitdən azad ölkə” statusu verib. Əsas hədəf isə 2015-ci ildə “Qızılcadan azad ölkə” statusu qazanmaqdır.
Avstriya Respublikasını təmsil edən Vyananın Tibb Universitetinin professoru Dieter Koller isə “Uşaqlarda allergik xəstəliklər: diaqnostika və müalicələr” mövzusunda məruzə edib. Bununla yanaşı, azərbaycanlı professorlar Surxay Musayev, İbrahim İsayev və Aslan Həsənov uşaq xəstəliklərinə dair məruzələrlə çıxış ediblər.
Böyük maraqla qarşılanmış məruzələr ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb. Konfrans öz işini noyabrın 19-da davam etdirəcək.