ÜST: koronavirusun yeni daha yoluxucu ştamının peyda olunması gözlənilir
Bakı, 12 oktyabr, AZƏRTAC
Koronavirusun omikron ştamının hal-hazırda dünyada dövr edən alt növləri əvvəlki ştamlara nisbətən COVID-19-un daha ağır gedişatına səbəb olmur. Lakin mütəxəssislərin ortaya çıxacağını gözlədikləri virusun yeni variantı daha riskli ola bilər, ona görə də ayıq-sayıq olmaq lazımdır. AZƏRTAC xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) eksperti Mariya van Kerxove Cenevrədə ÜST-nin tviter səhifəsində yayımlanan ənənəvi sual-cavab seansı zamanı bildirib.
“Bu virusla bağlı qeyri-müəyyənlik var. Onun dövr etdiyinə görə, onun dəyişmək üçün daha çox imkanı var və biz onun gələcək variantlarının xüsusiyyətlərinin nə olacağını dəqiq bilmirik”, - deyə Kerxove izah edib. Onun sözlərinə görə, ÜST mutasiya nəticəsində koronavirusun yeni variantlarının meydana çıxacağını və onların mütəxəssislər tərəfindən aşkar ediləcəyini gözləyir. "Biz onların daha yoluxucu olmasını gözləyirik, çünki onlar hazırda dövr edənlərdən daha yoluxucu olmalıdırlar", - deyə ekspert qeyd edib və əlavə edib ki, gözlənildiyinə görə, yeni variantlar xüsusiyyətlərinə görə immunitetin təsirindən qaça biləcəklər, bu da “önümüzdəki aylarda və illərdə” əlavə vaksinasiya tələb edəcək. Eyni zamanda, mütəxəssislər yeni, daha yoluxucu ştamların yaratdığı xəstəliyin indikindən daha ağır keçib-keçməyəcəyini bilmirlər.
Ekspert xatırladıb ki, omikron ştamının hazırda dövr edən alt variantlarından heç biri “xəstəliyin şiddətinin dəyişməsinə gətirməyib”. "Lakin koronavirusun yeni variantı bu baxımdan fərqlənə bilər, ona görə də biz ayıq olmalıyıq", - deyə Kerxove söyləyib.
Pandemiyanın nə vaxt sona çata biləcəyi sualına cavab verərək, o, deyib ki, "virus bizimlə qalmaq üçün buradadır" və buna görə də "onunla yaşamaq məcburiyyətindəyik". “Məsələ hər bir ölkədə fövqəladə vəziyyətin başa çatmasına necə nail ola biləcəyimizdədir”, - deyə ekspert bildirib. Bəzi dövlətlər ölüm hallarını minimuma endirməyə müvəffəq olub, lakin ümumilikdə dünyada hələ də hər həftə minlərlə insan ölür. "Pandemiya özlüyündə başa çatacaq, lakin hazırda bu, hələ baş verməyib", - deyə Kerxove bildirib.