ÜST mənşəyi məlum olmayan kəskin hepatitə yoluxma hallarını tədqiq edir
Bakı, 27 aprel, AZƏRTAC
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) mənşəyi məlum olmayan kəskin hepatitə yoluxma hallarını fəal şəkildə tədqiq edir. AZƏRTAC xəbər verir ki, bu barədə ÜST-nin Baş elmi işçisi Filippa İsterbruk brifinqdə bildirib.
Onun sözlərinə görə, dünyada bu günə qədər mənşəyi məlum olmayan kəskin hepatitə təxminən 160 yoluxma halı təsdiq edilib, onlar “mütəxəssislər tərəfindən fəal şəkildə tədqiq edilir”. "Biz müxtəlif faktorların bütöv spektrini, bu xəstəliyin mümkün yoluxucu və yoluxucu olmayan mənbələrini nəzərdən keçiririk, - deyə İsterbruk qeyd edib. - Biz həm baş vermiş, həm də barəsində ölkələrin bizə məlumat verdikləri yeni halları tədqiq edirik".
Mütəxəssis dəqiqləşdirib ki, bu günə qədər, kəskin hepatit virusuna (A, B, C, D və E) səbəb olan viruslar aşkar edilməyib. Mədə pozuntusu və ya qastroenteritə səbəb olan məlum olan heç bir bakteriya və virus aşkar edilməyib. "Dünya üzrə aparılan sorğunun nəticələrinə görə, hansısa qida, hansısa preparat, hansısa müəyyən regiona səfərlə bağlı heç bir dəqiq bağlılıq yoxdur, - deyə ÜST nümayəndəsi qeyd edib. - Koronavirusa qarşı vaksinlə əlaqələrin mövcud olmasına heç nəyin işarə etməməsi də vacibdir. Uşaqların əksəriyyəti koronavirusa qarşı peyvənd olunmamışdı". "Ola bilsin ki, bu adenovirusla əlaqəlidir, bu, bu xəstəliyin mənşəyinin mümkün ehtimalıdır", - deyə o bildirib.
Uşaqlarda mənşəyi məlum olmayan kəskin hepatit virusu Böyük Britaniya, İspaniya, İsrail və ABŞ da daxil olmaqla, 12 ölkədə qeydə alınıb. Xəstəlik zamanı qaraciyər fermentləri səviyyəsinin artması və bir çox hallarda qarın ağrısı, ishal və qusma da daxil olmaqla mədə-bağırsaq simptomları müşahidə olunur.
Xatırladaq ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin yaydığı birgə məlumata əsasən indiyə qədər Azərbaycanda uşaqlarda mənşəyi məlum olmayan hepatit virusuna yoluxma halı aşkarlanmayıb.