ÜST-nin Azərbaycan nümayəndəliyinin mütəxəssisi dünya üzrə finalçı seçilib
Bakı, 28 aprel, AZƏRTAC
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan Nümayəndəliyinin mütəxəssisi Tural Qulu “British Council” tərəfindən təşkil olunan məzun mükafatı müsabiqəsində “Elm və Dayanıqlılıq” kateqoriyasında qlobal finalçı seçilib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, qurumda işlədiyi vaxt Turalın səhiyyə islahatları sahəsində gördüyü işlər ölkə üzrə tibbi sığortanın tətbiqinə töhfə verib. O, 2020-ci ilin oktyabrından ÜST Azərbaycanda çalışmağa başlayıb və COVID-19 pandemiyası ilə mübarizə üçün əsas tibbi avadanlıqların təchizatı, tibb işçilərinin bilik və bacarıqlarının artırılması və texniki dəstək fəaliyyətləri ilə məşğul olub.
Qeyd edək ki, 2013-cü ildə Tural “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Şeffild Universitetində İctimai səhiyyə üzrə magistratura təhsilini bitirib. Daha sonra 2015-ci ildə Harvard Universitetində ictimai səhiyyə üzrə peşəkar ixtisasartırma proqramında təhsil alıb. Bu ilin fevral ayında Oxford Universitetində Səhiyyənin Təşkili və Səhiyyə Siyasəti üzrə təlim kursunda iştirak edib.
Tural Qulu 2020-ci ildə “Peşəkar Nailiyyət” kateqoriyasında Azərbaycan üzrə qalib, dünya üzrə finalçı olub. Müsabiqə Birləşmiş Krallıqda təhsil almış, öz karyeraları və nailiyyətləri ilə fərqlənən məzunların tanınması və dəstəklənməsi məqsədilə keçirilir.