ÜST nümayəndələri DOST Mərkəzi ilə tanış olublar
Bakı, 12 noyabr, AZƏRTAC
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Ofisinin reabilitasiya üzrə regional texniki rəhbəri Satiş Mişra və Əlillik üzrə Regional texniki əməkdaşı Kasal Morqan 4 saylı DOST Mərkəzində olublar. Onlar əmək, məşğulluq, sosial təminat, ünvanlı dövlət sosial yardımı, əlillik, reabilitasiya, pensiya, sosial sığorta və sosial rifah sahələrində mərkəzdə göstərilən xidmətlərlə tanış olublar.
Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İdarə heyəti sədrinin müavini Seymur Alıyev qonaqlara mərkəzin iş prinsipi, xidmət bölmələri və “Çağrı Mərkəzi 142”nin fəaliyyəti barədə ətraflı məlumat verib.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən AZƏRTAC-a verilən məlumat görə, DOST mərkəzlərində əmək və məşğulluq, sosial təminat, ünvanlı dövlət sosial yardımı, əlillik və reabilitasiya, pensiya, sosial sığorta, sosial rifah, təlim və s. üzrə 155 növ xidmət göstərildiyi, həmin xidmətlərin “bir pəncərə”dən operativ, şəffaf və nəzakətli, vətəndaş rahatlığı prinsipi əsasında təqdim olunduğu bildirilib.
Prezident İlham Əliyevin bu il iyunun 25-də imzaladığı Fərmana əsasən şəhid ailələrinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinin (VƏM) yaradıldığını və indiyədək 1200 müraciətin qəbul edildiyi barədə məlumat verilib.
Qeyd olunub ki, 2025-ci ilə qədər ölkəmizdə 17 DOST Mərkəzi və 55 DOST filialı fəaliyyətə başlayacaq. Bununla da DOST xidmətləri bütün ölkə ərazisini əhatə edəcək.
ÜST nümayəndələri mərkəzdə vətəndaşlara xidmət göstərilməsi prosesini izləyiblər. Görüş qarşılıqlı müzakirə və fikir mübadiləsi şəraitində davam etdirilib.