MƏDƏNİYYƏT
V BAKI BEYNƏLXALQ “ŞƏRQ-QƏRB” KİNOFESTİVALI BAŞA ÇATMIŞDIR
Xəbər verdiyimiz kimi, oktyabrın 11-dən 17-dək Bakıda MDB ölkələrinin və Baltikyanı ölkələrin Kinematoqrafçılar İttifaqları Konfederasiyasının dəstəyi ilə Azərbaycanda Dünya Kinosunun 100 İlliyi Fondu və Respublika Kinematoqrafçılar İttifaqı tərəfindən təşkil olunmuş V Bakı beynəlxalq “Şərq-Qərb” kinofestivalı keçirilmişdir. Festivalda Azərbaycan, Rusiya, Türkiyə, Fransa, Özbəkistan, Çin, Almaniya, Çexiya və digər ölkələrin kino xadimləri iştirak edirdilər.
Festival çərçivəsində İvan Dıxoviçnıy, Əli Özgəntürk, Pavel Lungin, Andrey Xrjanovski, Dmitri Mesxiyev, Denis Yevstiqneyev və digər tanınmış rejissorların yeni bədii filmləri göstərilmiş, “dəyirmi masa”lar, kino sənətinin klassiki Nikolay Şengelayanın xatirə gecəsi və tanınmış Azərbaycan aktyoru və rejissoru Tofiq Mirzəyevin yaradıcılıq gecəsi keçirilmişdir.
Oktyabrın 17-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Şərq-Qərb” kinofestivalının bağlanış mərasimi olmuşdur. Mərasimdə Azərbaycan rejissoru Fikrət Əliyevin “Yuxu” filmi göstərilmişdir. Filmdə tanınmış aktyorlar-respublikanın xalq artistləri Nəsibə Zeynalova, Yaşar Nuri, Siyavuş Aslan, Zərnigar Ağakişiyeva, habelə Ayan Mirqasımova və başqaları çəkilmişlər.
Sonra kinofestivalın mükafatları təqdim olunmuşdur. Rusiya kinorejissoru Andrey Xrjanovskinin “Bir yarım pişik” filmi birinci mükafata layiq görülmüşdür. Digər nominasiyalarda da mükafatlar təqdim edilmişdir.
Bağlanış mərasimində Azərbaycanın xalq yazıçısı, məşhur kinodramaturq Rüstəm İbrahimbəyov çıxış edərək, növbəti “Şərq-Qərb” kinofestivalının da yüksək səviyyədə keçiriləcəyinə əmin olduğunu bildirmişdir.