VAKANT DÖVLƏT QULLUĞU VƏZİFƏLƏRİNİN TUTULMASI ÜÇÜN MÜSABİQƏ VƏ MÜSAHİBƏ ELAN EDİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya dövlət orqanlarında inzibati vəzifələrin altıncı - doqquzuncu təsnifatlarına uyğun olan vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün yeni müsabiqə və müsahibə elan edəcəkdir.
Komissiyadan bildirmişlər ki, indiyədək 24 dövlət orqanı, o cümlədən Dövlət Qulluğu Məsələləri üzrə Komissiyası, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi, Nəqliyyat, Ekologiya və Təbii Sərvətlər, Sənaye və Energetika, Təhsil, Maliyyə, Kənd Təsərrüfatı, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Statistika Komitəsi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Müəllif Hüquqları Agentliyi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Dövlət Miqrasiya Xidməti, Dövlət Dəniz Administrasiyası, Dövlət Mülki Aviasiya Administrasiyası, Milli Arxiv İdarəsi, Tarif (Qiymət) Şurasının Katibliyi və Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi vakant dövlət qulluğu vəzifələrinin müsabiqəyə çıxarılması üçün komissiyaya müraciət etmişlər.
Təhsil Nazirliyi, Dövlət Dəniz Administrasiyası, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi isə vakant dövlət qulluğu vəzifələrini müsahibəyə çıxarılması üçün Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya müraciət etmişlər.
Vakant dövlət qulluğu vəzifələrinə dair ətraflı məlumat komissiyanın rəsmi internet saytında (www.dqmk.gov.az, www.csc.gov.az) yerləşdiriləcəkdir.