Vaşinqtonda ümummilli lider Heydər Əliyevin 88-ci ildönümü qeyd edilmişdir
Vaşinqton, 11 may (AZƏRTAC). Mayın 10-da ABŞ paytaxtında fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri, qeyri-hökumət təşkilatları, media nümayəndələri, eləcə də Vaşinqtonda yaşayan Azərbaycan icmasının üzvləri ABŞ paytaxtının möhtəşəm “Four Seasons” mehmanxanasının salonunda Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünü qeyd etmişlər.
Tədbirdə çıxış edən Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev bildirmişdir ki, bu il müstəqilliyinin 20 illiyini qeyd edən dövlətimiz az bir zamanda bölgənin ən sürətlə inkişaf edən dövlətinə çevrilmişdir. Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi müharibə ilə üzləşən ölkədə böyük ehtiyac duyulan sabitliyi bərqərar etmiş, geniş iqtisadi islahatlara təkan vermiş, həyata keçirdiyi uzaqgörən, müdrik xarici və daxili siyasət nəticəsində tək bölgədə deyil, dünyanın aparıcı dövlətləri ilə strateji tərəfdaşlığın yaradılması mümkün olmuşdur. Bu gün Heydər Əliyevin müəyyən etdiyi siyasi xətt Prezident İlham Əliyev hakimiyyəti tərəfindən uğurla davam etdirilir.
Səfir diqqətə çatdırmışdır ki, ümummilli lider ABŞ-Azərbaycan münasibətlərinə böyük əhəmiyyət verirdi. 1994-cü ildə imzalan “Əsrin müqaviləsi” ilə başlanan əməkdaşlığımızın ilk addımları sonralar Heydər Əliyevin ABŞ-a dəfələrlə etdiyi səfərlər zamanı möhkəmlənmiş, strateji müttəfiqliyə çevrilmişdir. Diplomat tədbir iştirakçılarını salonda qurulan Heydər Əliyevin ABŞ-a səfərlərinin ən yaddaqalan məqamlarını əks etdirən fotosərgi ilə tanış olmağa dəvət etmişdir.
Toplantıda ABŞ-ın Discovery kanalının “Build İt Bigger” - “Daha Böyük Tik” populyar proqramının Azərbaycanda hazırda həyata keçirilən qeyri-adi memarlıq layihələri - Heydər Əliyev Mərkəzi və “Flame Tower” kompleksinə həsr edilən buraxılışı nümayiş etdirilmişdir . Verilişin aparıcısı və prodüseri Daniel Forster çıxış edərək, proqramın təqdimatının məhz Azərbaycanın sabiq prezidenti və adı bu nadir layihələrdən birinə verilən Heydər Əliyevin doğum gününə təsadüf etməsindən məmnunluğunu ifadə etmişdir. Onun sözlərinə görə, dünyada çoxsaylı maraqlı memarlıq layihələri olsa da, onların yaradıcı heyətini Azərbaycana cəlb edən bu nəhəng layihələrin azərbaycanlıların milli mədəniyyətin formalaşmasında oynadığı rol idi. Bu tikililər gələn il təhvil veriləndə onlar tək Bakı şəhərinin həyatında deyil, bütün Azərbaycan xalqının mədəni həyatında mühüm məqamı sənədləşdirəcəklər. Teleaparıcı Bakıda ikihəftəlik çəkilişlər zamanı aldığı xoş təəssüratlarını toplantı iştirakçıları ilə bölüşdü. Bildirdi ki, dörd ay hazırlıq işindən sonra ərsəyə gələn veriliş Amerika tamaşaçısının, xüsusilə də Azərbaycan barədə məlumatı olmayanların geniş rəğbətini qazanmışdır.
Daha sonra “Build İt Bigger” verilişinin Azərbaycana həsr edilən buraxılışı nümayiş etdirilmişdir. Tədbir iştirakçıları verilişin sonunda Daniel Forsteri maraqlı proqrama görə alqışlamışlar.
Şəfəq Akifqızı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
######
![]() |
![]() |

