Vatikan xəstəxanasının rəhbəri: Pediatriya sahəsində əməkdaşlığa hazırıq
Bakı, 13 may, AZƏRTAC
Ölkəmizdə səfərdə olan Müqəddəs Vatikanın “Bambino Gesu” Pediatrik Xəstəxanasının prezidenti Titsiano Onestinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Tibb Universitetində (ATU) olub.
Bu barədə AZƏRTAC-a ATU-dan məlumat verilib.
Bildirilib ki, görüşdə ATU-nun rektoru, professor Gəray Gəraybəyli vatikanlı qonaqlara ölkəmizdə səhiyyə sisteminin davamlı inkişafı istiqamətində aparılan genişmiqyaslı islahatlar, həyata keçirilən mühüm layihələr haqqında məlumat verib. Səhiyyə sahəsində, xüsusən pediatriya üzrə qlobal əməkdaşlıqdan da danışan rektor beynəlxalq əlaqələrin ölkələrin səhiyyə sistemlərinin sürətli inkişafının təmin olunması, eyni zamanda, müasir tibbi biliklərin paylaşılması baxımından böyük əhəmiyyət daşıdığını, ATU-nun da belə əlaqələrin qurulmasına hər zaman maraq göstərdiyini diqqətə çatdırıb.
Titsiano Onesti də səfərin məqsədindən söz açaraq, bu sahədə beynəlxalq əlaqələrin genişləndirilməsinə xüsusi diqqət yetirildiyini, eyni zamanda, Azərbaycan, o cümlədən ATU ilə pediatriya sahəsində əməkdaşlığa hazır olduqlarını vurğulayıb.
Qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən əməkdaşlıq perspektivlərinin istiqamətləri üzrə geniş fikir mübadiləsindən sonra vatikanlı nümayəndə heyəti universitetin Tədris Cərrahiyə Klinikasını ziyarət edərək, Neonatologiya şöbəsində yaradılan mövcud şəraitlə yaxından tanış olublar.