Vebinarda hemofiliyanın müasir müalicə üsulları müzakirə olunub
Bakı, 16 may, AZƏRTAC
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun hematologiya kafedrasının moderatorluğu ilə Qazaxıstan, Özbəkistan, Belarusdan olan mütəxəssislərin iştirakı ilə “Hemofiliyanın müasir müalicə üsulları” mövzusunda vebinar keçirilib.
İnstitutun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, vebinarda akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının və Elmi-Praktik Hemofiliya Mərkəzinin əməkdaşları iştirak ediblər.
Vebinarda hematologiya kafedrasının müdiri, dosent Elmira Qədimova, assistent Günel Əlizadə məruzələrlə çıxış ediblər, xarici ölkələrdən onlayn formatda vebinara qoşulmuş hemofiliya üzrə aparıcı mütəxəssislərlə interaktiv fikir mübadiləsi aparılıb.
Hemofiliya xəstəliyinin müalicəsində istifadə olunan son nəsil dərialtı preparatların işlədilməsində təcrübəsi olan əməkdaşlar öz nəticələrini vebinar iştirakçılarına təqdim ediblər. Preparatın istifadə qaydaları, göstəriş, əks göstərişləri haqqında geniş müzakirələr aparılıb.