Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının yazılı test mərhələsi keçirilib YENİLƏNİB
Bakı, 31 yanvar, Məhərrəm Əlioğlu, AZƏRTAC
Yanvarın 31-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasına üzvlüyə qəbulla bağlı növbəti ixtisas imtahanlarının yazılı test mərhələsi keçirilib.
AZƏRTAC xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin kompüter mərkəzində elektronlaşdırılmış qaydada keçirilən imtahanda 233 namizəd iştirak edib.
Dövlət İmtahan Mərkəzinin və Vəkillər Kollegiyasının birgə əməkdaşlığı çərçivəsində təşkil olunan imtahanda namizədlərə hüququn müxtəlif sahələrinə aid hər biri 1 balla qiymətləndirilməklə 100 test sualı təqdim olunub. Bu suallardan 60 mümkün balı toplayan namizədlər imtahanın növbəti - şifahi mərhələsinə keçəcəklər. Nəticələr imtahandan dərhal sonra kompüter mərkəzində elan olunub və bu barədə Vəkillər Kollegiyasının rəsmi internet səhifəsində (www.barassociation.az) məlumat verilib.
Şəffaflığın təmin edilməsi məqsədilə bir çox yerli və beynəlxalq, habelə dövlət və qeyri-hökumət təşkilatlarından müşahidəçilər və KİV nümayəndələri imtahan prosesini izləyiblər.
Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib ki, son iki ildə vəkilliyə qəbulla bağlı çoxsaylı imtahanlar keçirilir. Ölkəmizdə vəkilliyə böyük maraq var. Dövlət İmtahan Mərkəzinin və Vəkillər Kollegiyasının birgə əməkdaşlığı çərçivəsində təşkil olunan imtahan bu tədbirlərin davamıdır. İmtahana demək olar ki, ölkəmizin bütün bölgələrindən 240-dək namizəd qatılıb. Ümid edirik ki, imtahanı müvəffəqiyyətlə vermiş hüquqşünaslar yaxın zamanlarda vəkil kimi yaşadıqları rayonlarda vətəndaşlara keyfiyyətli hüquqi yardım göstərə biləcəklər: Ümumiyyətlə, ölkəmizdə vəkilliyə göstərilən diqqət və qayğı ona gətirib çıxarıb ki, bu gün vəkillik peşəsinə böyük maraq var və vəkil olmaq istəyən hüquqşünasların sayı kifayət qədərdir. Bu müsbət tendensiya davam edir və bizi çox sevindirir.
A.Bağırov xüsusi qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən vəkilliyə çox böyük diqqət və qayğı göstərilir. Azərbaycan vəkilləri çalışacaqlar ki, bu yüksək etimadı doğrultsunlar.
İmtahanda iştirak edən ən yaşlı namizəd 71, ən gənc isə 24 yaşındadır. Namizədlərin 68 faizi Bakı, 32 faizi isə respublikanın digər regionlarının payına düşür. İmtahanda Azərbaycanın əksər regionları təmsil olunur ki, bu da gələcəkdə regionlarda vəkil çatışmazlığının nisbətən aradan qaldırılmasına imkan verəcək. Namizədlərin 10 faizi xarici, 90 faizi yerli ali təhsil müəssisələrində təhsil alıblar. Bu siyahıda birinci yeri 51 faizlə Bakı Dövlət Universiteti tutur. Ümumilikdə namizədlərin 12 faizi qadın, 68 faizi isə 40 yaşadək olanlardır.
Xatırladaq ki, “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 fevral tarixli Sərəncamı ilə Vəkillər Kollegiyasına ixtisas imtahanlarını müntəzəm keçirməklə Kollegiyaya yeni üzvlərin qəbul edilməsi üçün şəraitin yaradılması tövsiyə olunub.