Vəkillər Kollegiyasının üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının yazılı test mərhələsinin nəticələri açıqlanıb
Bakı, 31 yanvar, Məhərrəm Əlioğlu, AZƏRTAC
Yanvarın 31-də Dövlət İmtahan Mərkəzinin Kompüter Mərkəzində Vəkillər Kollegiyası və Dövlət İmtahan Mərkəzi ilə birgə vəkilliyə qəbul üzrə yazılı test imtahanı keçirilib.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına əsasən, Vəkillər Kollegiyasına ixtisas imtahanlarının müntəzəm keçirilməsini təşkil etməklə quruma yeni üzvlərin, xüsusən gənc hüquqşünasların qəbul edilməsi üçün şərait yaradılması barədə tövsiyəsi rəhbər tutularaq cari ilin aprelində başlanılan və daimi əsaslarla aparılan sənəd qəbulu nəticəsində 240 nəfər hüquqşünas vəkil olmaq üçün namizədliyini irəli sürüb. Üç saat davam edən imtahanda 233 nəfər iştirak edib. Onlardan 135-i 60 və daha yüksək bal toplayıb. Bu imtahana qatılan namizədlərin 58 faizini təşkil edib. Ən yüksək nəticə göstərən iki namizəd 96 bal toplayıb.
Şəffaf şəraitdə keçirilən imtahanda bir çox yerli və beynəlxalq, dövlət və qeyri-hökumət təşkilatlarından müşahidəçilər, televiziya və mətbuat nümayəndələri iştirak ediblər.
Vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarının yazılı test mərhələsini uğurla keçmiş və şifahi müsahibə mərhələsində iştirak etmək üçün tələb olunan sənədləri təqdim etməmiş namizədlər fevralın 24-dən martın 30-dək Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən müəyyən edilmiş formada ərizə, şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti, ali hüquq təhsili barədə diplomun notariat qaydada təsdiq edilmiş surəti, əmək kitabçasının notarial qaydada və ya iş yerində təsdiq edilmiş surəti, əqli cəhətdən sağlamlıq barədə tibbi arayış, 3x4 sm və 4x6 sm ölçüdə (hər birindən 4 ədəd) rəngli fotoşəkil, vəkilin şəxsi məlumat vərəqəsi, tərcümeyi-halı təqdim etməlidirlər.
Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının şifahi müsahibə mərhələsinin vaxtı ilə bağlı namizədlərə əlavə məlumat veriləcək.
Vəkilliyə qəbul üçün təqdim olunmuş sənədlərlə ilkin doldurulmuş ərizə-anket formasında qeyd edilən məlumatlar arasında ziddiyyət aşkarlanarsa və ya namizəd vəkilliyə qəbul üçün lazımi tələblərə cavab verməzsə növbəti mərhələyə buraxılmayacaq.