Vergi Xidmətinin rəsmi saytında istifadəçilərin rahatlığı üçün yeni bölmələr yaradılır
Bakı, 25 noyabr, AZƏRTAC
Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Vergitutma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsi təqdim edilib.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, Yol Xəritəsinin “Vergi qaydalarının keyfiyyəti” alt-indikatoru üzrə vergi müddəalarının aydınlığının təmin edilməsi istiqamətində həyata keçiriləcək tədbirlər müəyyənləşdirilib. Sənədə əsasən, nəzərdə tutulmuş işlər arasında internet səhifələrində tez-tez verilən suallar (FAQ) bölməsinin, “Ən çox verilən suallar (FAQ)” altbölməsi üzrə axtarış funksiyasının yaradılması, sualların vergi növləri və tematik mövzular üzrə qruplaşdırılması və Vergi Məcəlləsinə edilən dəyişikliklər barədə ayrıca FAQ-ların yerləşdirilməsi yer alır.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qurumun rəsmi internet səhifəsində həmin bölmə yaradılıb və burada müvafiq məlumatlar yerləşdirilib. Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsindən “Müraciətlər” bölməsinə daxil olduqdan sonra “Sual-cavab” altbölməsinə keçid etmək və buradan “Ən çox verilən suallar (FAQ)” bölümünə daxil olmaq olar. Burada suallar mövzular üzrə qruplaşdırılıb. Belə ki, vergiödəyicilərinin fəaliyyəti ilə bağlı mövzular, o cümlədən tədiyələr, vergiödəyicilərinin öhdəlikləri və sair barədə suallara dolğun cavablar hazırlanıb. Məlumatlar sadə, anlaşıqlı və əsaslandırılmış formada təqdim edilib.
Vergi sistemində tətbiq edilən yeniliklərə və biznes mühitində yeni çağırışlara uyğun olaraq “Ən çox verilən suallar (FAQ)” bölməsi davamlı olaraq yeniləcək. Ətraflı məlumatı https://www.taxes.gov.az/az/page/en-cox-verilen-suallar-2022 keçidi vasitəsilə əldə etmək olar.