VERGİDƏN YAYINANLAR HAQQINDA CİNAYƏT İŞLƏRİ AÇILMIŞDIR
Bakı Şəhəri Vergilər Departamentinin 1, 2 və 3 saylı filiallarında, 8 və 11 saylı ərazi vergilər idarələrində, eləcə də Cəbrayıl rayon vergilər şöbəsində qeydiyyatda olan 15 hüquqi və 1 fiziki şəxsin külli miqdarda (ümumilikdə 7 milyon 733,3 min AZN) vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırdığı müəyyənləşdirilmişdir. Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanmışdır.
Eyni zamanda, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti əməkdaşlarının araşdırmaları nəticəsində fiziki şəxs Orucova Mehparə Aslan qızının qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq 700 min AZN məbləğində, yəni külli miqdarda gəlir əldə etdiyi və 28 min AZN məbləğində vergiləri dövlət büdcəsinə ödəmədəyi aşkarlanmışdır. Faktla əlaqədar Cinayət Məcəlləsinin 192.2-ci və 213.2-ci maddələri ilə cinayət işi qaldırılmışdır.
Bundan başqa, Allahverdiyev Füzuli Xankişı oğlunun satış məqsədilə 1206 AZN dəyərində aksiz markası ilə markalanmamış 2820 qutu tütün məmulatı əldə etdiyi müəyyən olunmuşdur. Bununla bağlı, Cinayət Məcəlləsinin 213.1.2-ci maddəsi ilə cinayət işi açılmışdır.