VERGİLƏR NAZİRİ SAHİBKARLARLA GÖRÜŞMÜŞDÜR
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyi ilə əlaqədar həyata keçirilən tədbirlər çərçivəsində mayın 2-də vergilər naziri Fazil Məmmədov respublika sahibkarları ilə görüşmüşdür.
“Crescent Beach Hotel”də təşkil olunan görüşdə Vergilər Nazirliyinin rəhbərləri, Azərbaycanda fəaliyyət göstərən yerli və xarici iş adamları iştirak etmişlər.
Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükütla yad etmişlər.
Vergilər naziri Fazil Məmmədov ölkədə azad sahibkarlığın formalaşdırılması, onun inkişafının stimullaşdırılması, bazar iqtisadiyyatı şəraitində rəqabət mühitinin yaradılması istiqamətində ümummilli lider Heydər Əliyevin səylərindən danışmışdır. Nazir tədbir iştirakçılarının diqqətinə çatdırmışdır ki, Heydər Əliyevin rəhbərliyi altında iqtisadi və dövlət idarəetmə sistemi sahəsində aparılan kompleks islahatlar ölkə iqtisadiyyatının sürətli inkişafına, o cümlədən sahibkarlıq fəaliyyətinin təşəkkül tapmasına güclü təkan vermişdir. Ölkədə aparılan uğurlu islahatlar nəticəsində özəl sektorun iqtisadi sistemdə rolu artmış, Azərbaycanda milli sahibkarlar təbəqəsi formalaşmışdır.
Görüşdə iqtisadiyyatın ayrı-ayrı sahələrini təmsil edən və respublikamızın müxtəlif bölgələrindən gələn iş adamları çıxış edərək ümummilli lider Heydər Əliyevin sahibkarlığın inkişafında, ölkədə investisiya mühitinin formalaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlərdən və onların uğurlu nəticələrindən söhbət açmışlar. Sahibkarlar vergi məsələlərinə də toxunmuş, son illər Vergi Məcəlləsində edilən əlavə və dəyişikliklərin biznesin inkişafında müsbət rol oynadığını qeyd etmişlər.
Nazir Fazil Məmmədov sahibkarların rəy və təkliflərinə münasibətini bildirmiş və iş adamlarını əmin etmişdir ki, Vergilər Nazirliyi onların sərbəst və səmərəli fəaliyyəti üçün bütün lazımi tədbirləri görəcəkdir.
Sonda tədbir iştirakçıları adından ölkə Prezidenti İlham Əliyevə müraciət qəbul edilmişdir.
######
