VERGİLƏR NAZİRLİYİNDƏ İŞLƏMƏK İSTƏYƏN NAMİZƏDLƏR İMTAHAN VERMİŞLƏR
İmtahanda qeydiyyatdan keçmiş 605 nəfərdən 570 nəfəri iştirak etmişdir. Tam şəffaf şəraitdə keçirilmiş imtahanın nəticələri bu proses başa çatandan dərhal sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən elan edilmiş və bu qurumun internet saytında yerləşdirilmişdir. Həmin məlumatda bildirilir ki, imtahan verənlərin 18 nəfəri müsabiqə şərtini ödəyərək ikinci mərhələyə keçmişdir. Ən yüksək nəticə 89 bal olmuşdur.
Vergi xidmətinə işə qəbul iki mərhələdə aparılır. Namizədlərin bilik səviyyəsinin, ümumi dünya görüşünün, vergi orqanlarında xidmətə yararlı və layiqli olmasının müəyyən edilməsi üçün keçirilən müsabiqə - test imtahanı və müsahibədən ibarətdir.
Test imtahanını müvəffəqiyyətlə başa vurmuş və mümkün 100 baldan 70-ni toplamış namizədlər növbəti mərhələyə - müsahibəyə buraxılır. Müsahibə Vergilər Nazirliyində yaradılan müsabiqə komissiyası tərəfindən dekabrın 4-dən 8-dək nazirliyin mərkəzi binasında keçiriləcəkdir. Müsahibə zamanı namizədin vergi qanunvericiliyi, iqtisadi siyasətlə bağlı digər normativ-hüquqi aktları tətbiq etmək sahəsində biliyi və bacarığı yoxlanılacaqdır.
Müsabiqənin nəticələri namizədin imtahanda və müsahibədə topladığı keçid ballarının cəmlənməsi yolu ilə müəyyən ediləcəkdir. Müsabiqənin nəticələri barədə kütləvi informasiya vasitələrində dekabrın 11-də məlumat veriləcəkdir.
Xatırladaq ki, vergi xidmətinə işə qəbulla bağlı vergilər nazirinin əmri ilə yaradılmış işçi qrupa 850 vətəndaş müraciət etmişdi. Onlara tələb olunan sənədlərin siyahısı, həmçinin ərizə, tərcümeyi-hal formaları və kadrların uçot vərəqəsi təqdim edilmişdi. Həmin şəxslərdən 618 nəfəri qeydiyyatdan keçmişdir. 200 vətəndaşın müraciəti müxtəlif səbəblərdən – ali təhsilin olmaması və ya natamamlığı, ixtisası uyğun gəlməməsi, yaş həddini keçməsi və sair kimi səbəblərlə bağlı qəbul edilməmişdi. Daha 13 nəfər sənədlərində uyğunsuzluq və ya qəsdən təhrif olunmuş məlumatlar aşkar edildiyinə görə imtahana buraxılmamışdır.
Müsahibədən keçən şəxslər Vergilər Nazirliyinin ərazi vergilər idarələrində vakant iş yerlərinə yerləşdiriləcəklər.