Vergiödəyicilərinə geniş spektrdə xidmətlər göstərilib
Bakı, 19 oktyabr, AZƏRTAC
Bu ilin yanvar-sentyabr ayları ərzində vergiödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 337 min 445 şəxs qəbul edilib, onlara 633 min 233 xidmət göstərilib.
Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, bu xidmətlər, əsasən, vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu və vergi orqanlarında qeydiyyat, bəyannamələrin (hesabatların), cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi, fiziki şəxsin uçota alınması və yenidən uçota alınması, qapalı zərfdə elektron sənəd mübadiləsinin aparılması üçün istifadəçi kodu, şifrə və parolun verilməsi, “Asan İmza” sertifikatının təqdim edilməsi və digər məsələlərlə bağlı olub.
Bu ilin 9 ayı ərzində vergiödəyicilərinə xidmət strukturları tərəfindən 3577 ödəyicinin iştirakı ilə 210 görüş keçirilib, 4761 ünvanlı xidmət tədbiri təşkil olunub. Vergiödəyicilərindən daxil olmuş 13 minə yaxın yazılı müraciət cavablandırılıb. Hesabat dövründə vergiödəyicilərinə 9 milyondan çox məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub), məlumatlandırma istiqamətində preventiv tədbirlərin görülməsi məqsədilə isə onların mobil nömrələrinə 465 mindən çox SMS göndərilib.
Cari ilin 9 ayında vergiödəyicilərinin müraciəti üzrə 30 min 834 “Asan İmza” sertifikatı verilib.