“Vətən çağırır” layihəsinin icrasına yekun vurulub
Bakı, 10 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun X qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilən “Vətən çağırır” layihəsinin icrasına yekun vurulub.
AZƏRTAC xəbər verir ki, bağlanış mərasimində layihə çərçivəsində çəkilən “Vətən çağırır” sənədli filminin təqdimatı olub. Filmin rejissoru Cavanşir Eladisoy, operatoru Taleh Valehovdur.
Tədbirdə məlumat verilib ki, layihənin məqsədi gənclər arasında multikulturalizm və tolerantlıq dəyərlərinin təbliği, onlara vətənpərvərlik ruhunun aşılanması olub. Layihə çərçivəsində Zaqatalada saxur, İsmayıllıda lahıc, Qəbələdə udin, Qusarda ləzgi və Lənkəranda talış etnik qruplarının nümayəndələrinin iştirakı ilə çəkilişlər aparılıb və sənədli film hazırlanıb. Aprel döyüşləri şəhidlərinə ithaf olunan sənədli film vasitəsilə “fərqli din, dil və mədəniyyətlərə sahib olsaq da, bizi birləşdirən dəyər Azərbaycanın ərazi bütövlüyü, Azərbaycanın üç rəngli bayrağı altında birləşməyimizdir” mesajı cəmiyyətə ötürülüb. Bu mesajın daha geniş ictimaiyyətə çatdırılması və onun geniş təbliği, layihənin davamlılığı, təsir gücünün artırılması məqsədilə film sosial şəbəkələrdə də yayımlanıb.