Vətən müharibəsi qaziləri Yevlax Reabilitasiya Mərkəzində aparılan müalicələrdən razıdırlar
Bakı, 14 avqust, AZƏRTAC
Yevlax Reabilitasiya Mərkəzi 2009-cu ildən fəaliyyət göstərir. Son illər müəssisədə infrastrukturun müasir tələblərə uyğun qurulması sahəsində mühüm işlər görülüb. 2019-cu ilin noyabrından müəssisə yenidən öz qapılarını müalicəyə ehtiyacı olanların üzünə açıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Yevlax Reabilitasiya Mərkəzinin direktoru Sevinc Məmmədova məlumat verib.
Direktor qeyd edib ki, müəssisə 18 çarpayılıq olsa da, burada ambulator müalicələr də göstərilir: “Mərkəz Yevlax və ətraf rayonlıardan olan 18 yaşdan yuxarı ümumi əlilliyi olanlara və Qarabağ müharibəsi əlillərinə xidmət göstərir. Müəssisədə yeni, müasir tibbi-reabilitasiya avadanlıqlarından istifadə olunması və fizioterapevtik prosedurlar, müalicəvi bədən tərbiyəsi, masaj, ozonoterapiya, elektrofarez və digər prosedurların tətbiq edilməsi nəticəsində müsbət nəticələr əldə edilir. Pandemiya başlanandan sonra 100-dən çox xəstəyə stasionar, 20-dən çox xəstəyə ambulator yardım göstərilib. Son vaxtlar mərkəzdə sosial-psixoloji reabilitasiya şöbəsi açılıb. Şöbəyə əsas müraciətlər Vətən müharibəsi qaziləri, şəhid ailəsi üzvləri və onların yaxınlarından daxil olur. Həmin kateqoriyadan olan 150-dən çox xəstəyə psixoloji yardım göstərilib. İndiyədək mərkəzin həkim və mütəxəssislərinin qayğısı sayəsində 100-dən çox xəstəyə fizioterapevtik yardım edilib”.
Müraciətlərin kifayət qədər çox olduğunu söyləyən müəssisənin rəhbəri bildirib ki, aparılan müalicə prosedurları əksər halda uğurlu nəticələr verir və qazilərimiz xidmətimizdən razı qalırlar.