CƏMİYYƏT
Vətən müharibəsi qazisi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda işlə təmin edilib
Bakı, 23 iyul, AZƏRTAC
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda Vətən müharibəsi qazilərinə və şəhid ailələrinə sosial psixoloji xidmətlər göstərilir.
AZƏRTAC xəbər verir ki, hazırda institutun Stasionar şöbəsində beş qazi reabilitasiya müalicəsi alır. Eyni zamanda, institutda ambulator müalicə alan qazilər də var. İnstitutda stasionar müalicə olunan Vətən müharibəsi qazisi Cavad Qələndərli Tərtər rayonunun Suqovuşan qəsəbəsi istiqamətində gedən döyüşlərdə iştirak edib. O, döyüşlərin birində onurğa sümüyündən yaralanıb. “YAŞAT” Fondunun dəstəyi ilə Türkiyədə müalicə alıb. Türkiyədən gələndən sonra Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda müalicəyə başlayıb. Müalicə müddəti bitdikdən sonra isə institutda işlə təmin olunub. Hazırda Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda işləyir.
Qeyd edək ki, institut Vətən müharibəsi qazilərinin ambulator və stasionar müalicə proseslərində yaxından iştirak edir.