Vətən müharibəsi qazisi ilə tələbələrin görüşü olub
Bakı, 25 sentyabr, AZƏRTAC
Azərbaycan Universiteti, Dövlət Gömrük Komitəsinin Akademiyası və Azərbaycan Dövlət İqtisad Universitetinin tələbə gənclər təşkilatlarının birgə təşkilatçılığı ilə 27 Sentyabr - Anım Gününə həsr olunmuş “Əbədi xatirə” adlı tədbir təşkil edilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, əvvəlcə tədbirdə Dövlət Himni səsləndirilib, Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Vətən müharibəsi qazisi, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan mayoru İlkin Ağazadənin iştirakı ilə keçirilən tədbirdə 44 günlük Vətən müharibəsindən, Anım Gününün təsis edilməsinin əhəmiyyətindən bəhs olunub, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin vacibliyi vurğulanıb. Qeyd olunub ki, tarixin gedişatını dəyişən Vətən müharibəsi Azərbaycan gənci üçün vətənpərvərlik məktəbidir.
Tədbir çərçivəsində təşkil olunan “Zəfərin varisləri: tarixi yaddaş və gəncliyin mənəvi məsuliyyəti” mövzusundakı panel müzakirənin spikerləri - Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan mayoru, hərbi instruktor və Vətən müharibəsi qazisi İlkin Ağazadə (o, “Vətən uğrunda”, “İgidliyə görə”, həmçinin Füzuli, Xocavənd, Cəbrayıl və Qubadlının azad olunmasına görə medalları ilə təltif edilib) və Azərbaycan Universitetinin Siyasi və ictimai elmlər kafedrasının müdiri dosent Elvin Talışınski olub. Onlar tələbələrin suallarını cavablandırıb, rəqəmsal və mənəvi cəbhədə vətənpərvərlik mövzusunda geniş fikir mübadiləsi aparıblar.
İlkin Ağazadə çıxışında Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıqdan, gənclərin tarixi yaddaşın qorunması və vətənpərvərlik ruhunun yaşadılmasındakı rolundan bəhs edib, döyüş xatirələrini bölüşüb. Elvin Talışınski isə informasiya müharibəsi, məqsədi və istiqamətləri haqqında məlumat verib, rəqəmsal platformalarda düzgün və etibarlı məlumatın yayılmasının vacibliyindən danışıb. Müharibələrin yalnız səngərdə deyil, rəqəmsal müstəvidə də aparıldığını qeyd edən spiker informasiya cəbhəsində gənclərin rolu, media savadlılığının artırılması və Azərbaycan həqiqətlərinin beynəlxalq platformalarda faktlara əsaslanaraq çatdırılmasının strateji əhəmiyyətini vurğulayıb.