Vətən müharibəsi şəhidi Şəhriyar Qurbanovun xatirəsi yad olunub
Naftalan, 1 dekabr, Elcan Məmmədov, AZƏRTAC
Naftalan şəhərində 14 yaşı tamam olan mülki şəhid Şəhriyar Nadir oğlu Qurbanovun xatirəsi anılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhər icra hakimiyyətinin başçısı Vüqar Novruzov, şəhər polis şöbəsinin rəisi Zaur Bədəlov və ictimaiyyət nümayəndələri şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri düzüb, ruhunu böyük ehtiramla yad ediblər.
Həmçinin Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Elyəddin Cəfərovun da məzarı ziyarət olunub, önünə gül dəstələri düzülüb.
Qeyd edək ki, ötən il sentyabrın 27-də erməni qəsbkarlarının müharibə qaydalarına zidd olaraq mülki əhalinin yaşadığı yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutması nəticəsində Naftalan şəhər Qaşaltı Qaraqoyunlu kəndində ikisi uşaq olmaqla, bir ailənin beş üzvü faciəli şəkildə həlak olub.