Vətən müharibəsində əldə edilmiş Qələbə dünya azərbaycanlılarının çoxillik həsrətinə son qoydu
Bakı, 7 noyabr, AZƏRTAC
Heydər Əliyev adına Hərbi İnstitutda Zəfər Gününün üçüncü ildönümünə həsr olunmuş “İkinci Qarabağ müharibəsinin hərbi-siyasi dərsləri: əldə olunan uğurlar və qarşıda duran vəzifələr” mövzusunda II respublika elmi konfransı keçirilib.
Konfransda Heydər Əliyev adına Hərbi İnstitutun zabit, professor-müəllim heyəti ilə bərabər, respublikanın 14 təşkilatının rəhbər və nümayəndə heyəti iştirak edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, konfrans iştirakçıları əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularımızın xatirəsinə salınmış abidə kompleksini ziyarət edərək əklillər qoyublar.
Konfrans Ulu Öndərin və Azərbaycan Respublikasının müstəqilliyi və suverenliyi uğrunda şəhid olanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.
Sonra konfransda çıxış edən Heydər Əliyev adına Hərbi İnstitutun rektoru, general-mayor Fizuli Salahov 2020-ci il sentyabrın 27-də başlanan, 44 gün davam edən və Azərbaycan Ordusunun Qələbəsi ilə başa çatan Vətən müharibəsindən danışıb, Ali Baş Komandan Prezident İlham Əliyevin qətiyyəti, xalqımızın birliyi, rəşadətli Ordumuzun gücü sayəsində, şəhidlərimizin canı, qanı bahasına əldə olunmuş Qələbə nəticəsində dünya azərbaycanlılarının çoxillik həsrətinə son qoyulduğunu bildirib.
Daha sonra İkinci Qarabağ müharibəsinə həsr edilmiş videofilm nümayiş olunub.
Konfransda çıxış edən məruzəçilər Azərbaycan Ordusunun dünyanın hərb tarixinə yeni səhifə yazmasından, uğurlu əks-hücum əməliyyatlarında əsgər və zabitlərimizin göstərdiyi şücaət və qəhrəmanlıqlardan, həmin günlərdə Azərbaycanın təkcə döyüş meydanında deyil, həm də informasiya məkanında apardığı mübarizədən, Ali Baş Komandan, Prezident İlham Əliyevin baş verənlərlə bağlı həqiqətləri nüfuzlu xarici KİV-lərə müsahibələrində çatdırmasından, bununla da Ermənistanın yalanlarını ifşa etməsindən ətraflı danışıblar.
Sonda konfransın əhəmiyyətini yüksək qiymətləndirilib, xatirə şəkli çəkdirilib.