Vətəndaş cəmiyyəti yoluxucu olmayan xəstəliklərə qarşı mübarizədə hökumətlərə kömək edə bilər
Bakı, 20 iyun (AZƏRTAC). Hazırda xroniki xəstəliklər dünyada ölüm hallarının əsas səbəbidir. Hər il ölüm hallarının 63 faizi bu xəstəliklərin payına düşür. Vətəndaş cəmiyyəti yoluxucu olmayan xəstəliklərə qarşı mübarizədə hökumətlərə kömək edə bilər.
AZƏRTAC xəbər verir ki, bu fikri BMT Baş Məclisinin sədri Con Eş yoluxucu olmayan xəstəliklərin profilaktikasına həsr olunmuş qeyri-formal interaktiv diskussiyanı açarkən səsləndirmişdir.
Baş Məclisin 68-ci sessiyasının sədri xatırlatmışdır ki, inkişaf etmiş ölkələrdə bu xəstəliklərdən ölüm ehtimalı 10 faiz təşkil etsə də, inkişaf etməkdə olan ölkələrdə 60 faizə bərabərdir. O demişdir: “Belə kəskin ziddiyyət nəinki problemin dərinləşdiyini və onun təsirinin qeyri-bərabər olduğunu göstərir, həm də xatırladır ki, qlobal səviyyədə həll yollarının axtarılması üçün bütün əlaqədar tərəflərin dəstəyi tələb olunur. İstər dövlətin, istərsə də özəl sektorun yoluxucu olmayan xəstəliklərin öhdəsindən təklikdə gəlməsi mümkün deyildir. Vətəndaş cəmiyyətinin nümayəndələri siyasi iradənin səfərbərliyə alınmasında, ictimaiyyətin maariflənməsində mühüm rol oynayıb, yoluxucu olmayan xəstəliklərə qarşı mübarizəyə kömək edə bilərlər. Hesab edirəm ki, qeyri-hökumət təşkilatları bu sahədə götürdükləri öhdəlikləri yerinə yetirə bilərlər və bunu etməlidirlər. 2011-ci ildə yüksək səviyyəli müşavirədə Baş Məclisin üzvləri yoluxucu olmayan xəstəliklərin profilaktikasına və bu xəstəliklərə qarşı mübarizəyə dair Siyasi Bəyannamə qəbul etmişlər. Dünya Səhiyyə Təşkilatı bu sahədə beynəlxalq birlik üçün bir növ “yol xəritəsi” olan Qlobal Fəaliyyət Planı işləyib hazırlamışdır. Qəbul edilmiş öhdəliklərin yerinə yetirilməsi hazırda prioritet məsələyə çevrilmişdir”.
Qeyd edək ki, yoluxucu olmayan, yaxud xroniki xəstəliklər uzunmüddətli və gec inkişaf edən xəstəliklərdir. Yoluxucu olmayan xəstəliklərin dörd əsas tipi infarkt və insult kimi ürək-damar xəstəlikləri, xərçəng xəstəliyi, xroniki ağ ciyər xəstəliyi və təngnəfəslik kimi respirator xəstəliklər və diabetdir. Belə xəstəliklər hər il təqribən 36 milyon insanın ölümünə səbəb olur. Lakin siqaret çəkməkdən, sağlam olmayan qidadan, alkoqollu içkilərdən imtina etməklə, fiziki aktivliyi artırmaqla, bu cür ölüm hallarının qarşısını almaq mümkündür.