Vətəndaşlar arasında laqeydlik və təhlükəsizlik tədbirlərinə riayət olunmaması yoluxma saylarında artımlara rəvac verir
Bakı, 15 avqust, AZƏRTAC
Yeni növ koronavirus infeksiyası əleyhinə kütləvi vaksinasiya prosesinə hər kəs qoşulmalıdır. Çünki ölkədə koronavirusa yoluxma sayının artması həm dövlət, həm əhali, həm də səhiyyə işçiləri üçün təhlükə yaradır. Belə ki, artımlarla əlaqədar tibb müəssisələri yüklənmiş olacaq və qabaqlayıcı tədbirlərin görülməsində gecikmələr yaranacaq.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının pulmonologiya və allerqologiya şöbəsinin həkimi Günel Sadıqova deyib.
Mütəxəssis qeyd edib ki, vətəndaşlar arasında laqeydlik və təhlükəsizlik tədbirlərinə riayət olunmaması yoluxma saylarında artımlara rəvac verir: “Bir çoxları düşünür ki, məhdudiyyətlər yoxdursa, deməli, virus yoxa çıxıb. Halbuki pandemiya hələ bitməyib və virus yayılmağa davam edir. Yeni “delta” ştamının qonşu ölkələrdə sürətlə yayılması, eləcə də ölkəmizdə mövcudluğu bizim üçün ciddi siqnal olmalıdır”.
G.Sadıqova müşahidələrə əsaslanaraq bildirib ki, hazırda xəstəxanaların reanimasiya şöbələrində müalicə alan koronavirus xəstələrinin 90-95 faizi peyvənd olunmayanlardır: "Peyvənd yoluxmanı tamamilə aradan qaldırmasa da, ağırlaşma və ölüm hallarını kifayət qədər azaldır. Ona görə də kütləvi vaksinasiyanı sürətləndirməklə virusun öhdəsindən gəlmək mümkündür”.