“Vətəndaşlıq və vətənpərvərlik” mövzusunda videokonfrans keçirilib
Ağdaş, 30 iyul, AZƏRTAC
Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Ucar və Zərdab rayon Heydər Əliyev mərkəzlərinin birgə təşkilatçılığı ilə “ Vətəndaşlıq və vətənpərvərlik” mövzusunda videokonfrans keçirilib. Videokonfransda Ağdaş, Göyçay, Ucar və Zərdab rayon Heydər Əliyev mərkəzlərinin, muzey və mədəniyyət mərkəzlərinin, eləcə də Ağdaş Regional Mədəniyyət İdarəsinin əməkdaşları iştirak ediblər. Videokonfransa, habelə Tərtər və Tovuz rayonlarındakı Heydər Əliyev mərkəzlərinin direktorları Səlimə Yusifova və Humay Aslanova da qatılıblar.
Regional mədəniyyət idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, videokonfransda Zərdab, Ucar, Göyçay, Tovuz, Tərtər rayon Heydər Əliyev mərkəzlərinin direktorları Könül Rəhimova, Mətanət Qəribova, Zemfira Əliyeva, Humay Aslanova, Səlimə Yusifova və başqaları çıxış edərək bu gün xüsusilə yeniyetmə və gənclərdə vətəndaşlıq və vətənpərvərlik hisslərinin gücləndirilməsinin, bu sahədə maarifləndirmə işlərinin zəruriliyindən danışıblar.
Çıxışlarda gənclərdə dövlətimizə, milli-mənəvi dəyərlərimizə hörmət və bağlılığın aşılanmasında mədəniyyət müəssisələrinin üzərinə düşən vəzifələr geniş müzakirə olunub. 12 iyul Tovuz hadisələrinin canlı şahidi olan Humay Aslanova o vaxt həm həyəcanlı, həm də qürurverici anlar yaşandığını vurğulayıb.
Torpaqlarımızın müdafiəsində şəhid olan əsgər və zabitlərimizin hər bir vətəndaş üçün qurur simvoluna çevrildiyi söylənilərək, onların qanının yerdə qalmayacağına əminlik ifadə olunub.
Ümummilli liderimiz Heydər Əliyevin azərbaycançılıq ideologiyasının inkişafında misilsiz xidmətlər göstərdiyi diqqətə çatdırılaraq, bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin hərbi qüdrətinin davamlı olaraq artdığı, torpaqlarımızın azadlığı üçün canından keçməyə hazır olan insanlardan ibarət güclü bir ordunun yaradıldığı bildirilib.
Çıxışçılar yeniyetmə və gənclərdə vətəndaşlıq və vətənpərvərlik hisslərinin aşılanması və gücləndirilməsi istiqamətində həyata keçirdikləri tədbirlərlə bağlı öz təcrübələrini bölüşüb, təkliflər səsləndiriblər.