Veteranlar gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində mühüm rol oynayırlar
Bakı, 3 aprel, AZƏRTAC
Aprelin 3-də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında müharibə veteranları ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tələbə və müəllim heyətinin görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşün əsas məqsədi gənclər arasında vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, Azərbaycanın ərazi bütövlüyünün qorunması uğrunda canından keçmiş, Vətən, xalq qarşısında əvəzsiz xidmətləri olan şəhidlərimizin tanıdılması, gənc nəslə onların həyat və fəaliyyətlərinin örnək olaraq təbliğ olunması olub.
Tədbirdə çıxış edən general-polkovnik Tofiq Ağahüseynov gənc nəslin vətənpərvərlik tərbiyəsi istiqamətində Respublika Veteranlar Təşkilatının həyata keçirdiyi işlər və onların vətənpərvərlik ruhunda tərbiyə edilməsində veteranların fəaliyyəti haqqında məlumat verib. O, ulu öndər Heydər Əliyev irsinə sadiq fəaliyyət göstərən təşkilatın Prezident İlham Əliyev tərəfindən hərtərəfli diqqət və qayğı ilə əhatə olunmasını vurğulayıb.
Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Azərbaycan gəncliyinin xalqına, dövlətçiliyinə sədaqətli, vətənpərvər, yüksək mənəvi və əxlaqi keyfiyyətlərə malik olduğunu qeyd edib. O, Azərbaycanın ictimai-siyasi həyatında, müxtəlif sahələrdə qazanılan yüksək nəticələrin əldə edilməsində, eləcə də ərazi bütövlüyümüzün təmin olunması, müstəqilliyimiz naminə sinəsini sipər etmiş gəncləri əsl vətənpərvər adlandırıb. C.Xəlilov Azərbaycan gəncliyinin vətən sevgisinə, tərbiyəsinə, əxlaqına görə dünyaya nümunə olduğunu diqqətə çatdırıb.
ADPU-nin rektoru, professor Cəfər Cəfərov çıxışında bu gün ölkəmizdə gənclərin üzərinə düşən məsuliyyətdən və rəhbərlik etdiyi universitetin gənclərinin təhsildə qazandığı uğurlardan danışıb. Rektor ötən günlərdə universitetdə Aprel döyüşləri, 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü və Kəlbəcərin işğalı ilə bağlı tədbirlərin keçirildiyini bildirib. Gənc nəslin vətənpərvər, savadlı kadrlar kimi yetişməsində belə tədbirlərin əhəmiyyətinin böyük olduğunu diqqətə çatdıran C.Cəfərov Azərbaycanın gələcəyinin əmin əllərdə olmasını vurğulayıb. O qeyd edib ki, hazırda gənclərimizin əsas vəzifələrindən biri də sosial şəbəkələrdə Qarabağ həqiqətlərini dünyaya ölkələrinə çatdırmaqdır.
Milli Qəhrəman, polkovnik-leytenant, şəhid Sənan Axundzadənin həyat yoldaşı, Nərimanov rayon 45 saylı məktəbin direktoru Nəcibə Axundova çıxış edərək ölkəmizdə şəhid ailələrinə göstərilən xüsusi qayğıdan danışıb. O, bu işdə Birinci vitse-prezident Mehriban Əliyevanın böyük əməyinin olduğunu diqqətə çatdırıb.
Əfqanıstan və Qarabağ müharibəsi veteranları polkovnik Adil Haqverdiyev, polkovnik Elşad Şabanov, ADPU-nin dekanı Laçın Həsənova, Aprel döyüşlərinin iştirakçısı Elşad Məmmədov və başqaları çıxış edərək gənclərimizə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan, Azərbaycan həqiqətlərinin dünyada təbliğində gənclərin rolundan danışıb, gənclərin təşkilatlanmasının vacibliyini bildiriblər. Onlar Azərbaycan gənclərinin vətənpərvərliyindən, rəşadət və mərdliyindən söhbət açıblar. Müxtəlif sahələrdə gənclərin qazandıqları uğurlardan və qarşıda duran vəzifələrdən danışan veteranlar onları Vətəni müdafiə etməyə, işğalçılardan azad etməyə hər zaman hazır olmağa çağırıblar.
Sonra tədbir iştirakçıları universitetin müəllim və tələbələrinin Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov haqqında hazırladıqları videoçarxa baxıblar.
Sonda ADPU-nun rektoru C.Cəfərova “General Həzi Aslanov” yubiley medalı və kollektivin bir qrup müəllim-tələbə heyətinə Respublika Veteranlar Təşkilatının fəxri fərmanı təqdim olunub.