VETERANLARIN ŞƏRƏFLİ ÖMÜR YOLU GƏNC NƏSLƏ ÖRNƏKDİR
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, mərasimi açan daxili işlər nazirinin müavini, polis general-leytenantı Oruc Zalov bildirmişdir ki, İkinci Dünya müharibəsinin dəhşətlərini, ağrı-acılarını yaşamış xalqımız bütün qüvvə və imkanlarını faşizm üzərində qələbəyə yönəltmiş, əsil qəhrəmanlıq nümunəsi göstərmişdir. Faşizmə qarşı döyüş əməliyyatlarında qəhrəmanlıq və şücaət göstərmiş yüz minlərlə soydaşımız keçmiş SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olunmuşdur. Sovet İttifaqı Qəhrəmanı adına layiq görülənlər arasında respublika daxili işlər orqanlarının əməkdaşları da vardır.
Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının sədri Baloğlan Rüstəmov, veteranlardan Müseyib İlyasov, İsmayıl Qasımov, Zilli Rzayev və başqaları çıxış edərək, keçdikləri döyüş və həyat yolundan danışmış, onlara göstərilən diqqət və qayğıya görə ölkə və DİN rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.
Mərasimə yekun vuran daxili işlər naziri, general-polkovnik Ramil Usubov əlamətdar bayram münasibətilə veteranları təbrik edərək demişdir ki, hüquq mühafizə, o cümlədən daxili işlər orqanlarının əməkdaşları ölkəmizdə ictimai-siyasi sabitliyin yaradılmasında, cinayətkarlıqla qətiyyətli mübarizədə üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlirlər.
Nazir bildirmişdir ki, məhz ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Qələbə günü müstəqil Azərbaycanda dövlət səviyyəsində keçirilən bayramlar sırasına daxil edilmişdir. O, Prezident İlham Əliyevin Böyük Vətən müharibəsinin iştirakçılarına daim diqqət və qayğı göstərdiyini, müharibə veteranlarına dövlət qayğısının artırılması haqqında ötən il mayın 3-də imzaladığı Fərmanı xüsusi qeyd etmiş, veteranların şərəfli ömrünün Azərbaycan gəncliyinə daim örnək və nümunə olacağını vurğulamışdır.
Sonda veteranlara mükafatlar təqdim olunmuşdur.