Virusu tanıt, məsuliyyət duyğusunu oyat, davranışını dəyiş, sosial güvəncə ver, evdə tut! (III Yazı)
Bakı, 12 aprel, AZƏRTAC
Təklif etdiyimiz xilas ölçüsünü xatırlayaq: virusu tanıt - məsuliyyət duyğusunu oyat - davranışını dəyiş - sosial təminat ver - evdə tut. Bu beşli ölçünün ilk maddəsi virusu tanıtmaqdır, yəni maariflənmə, insanların təsəvvüründə doğru virus anlayışı formalaşdırmaqdır. Bu ölçünü ilk sıraya qoymağımızın səbəbi odur ki, tərbiyə və tədbir təsəvvürdən başlayır, yəni təsəvvür doğru olsa, davranış da doğru olacaq. Təsəvvürü formalaşdırmağın şərti (elmi) var: doğru təsəvvür anlayışların həqiqi mənasını bilməklə mümkündür.
AZƏRTAC AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Siracəddin Hacının koronavirusla bağlı hazırladığı üçüncü yazını təqdim edir.
İndi virusu tanıtmaq maddəsini izah edək: arxasında meyvə bağçası, önündəki həyətdə rəngbərəng güllər açmış, sağ və sol yanında geniş hovuzu olan bir ev var idi. İnsanın ruhuna hüzur verən o evdə nur topu kimi bir körpə iməkləyirdi. O, ailənin tək övladı idi. Ailə uzun illər övlad həsrəti çəkəndən sonra o gözəl körpəyə qovuşmuşdu. Bir gün ata işə getmişdi. Ana evdə namaz qılırdı. Birdən evə bir zəhərli ilan girdi. Körpə onu gördü, gülümsədi, əl-qol ataraq onunla oynamaq istədi. O zəhərli ilan şahə qalxdı, boğazını şişirtdi, fısıldadı, dilini çıxardı, ona doğru can atan körpəni sancmaq üçün qıvrıldı. Namaz qılan ana bu halı gördü, namazını pozdu, həyəcanlansa da, təmkinini itirmədi, tərəddüd etmədən əfi ilanın üstünə atıldı, var gücünü topladı, əlləri və dişləri ilə ilanın boğazından yapışdı, boğdu, boğdu, öldürdü...
O gözəl ev uzun illər həsrətini çəkərək, uğrunda savaşaraq, şəhidlər verərək əsarət zəncirini qıran, azadlığına qovuşan Azərbaycandır. O nur topu kimi körpə Azərbaycan xalqıdır, cahil olduğundan, ilanı tanımadığından onunla oynamaq istəyir. Zəhərli ilan koronavirusdur. Mərhəmətli, şəfqətli, cəsur, fədakar ana da dövlətdir (dövlət belə olmalıdır), ağıllı, elmli, vicdanlı, məsuliyyətli insanlardır.
Çox sevdiyi, göz yaşları ilə qıldığı namazını pozaraq gözünün ağı-qarası körpəsini qoruyan ana kimi dövlət və vicdanlı insanlar da bu gün ən önəmli işlərini bir kənara qoyaraq düşmənini tanımadığından onunla oynayan körpəni - Azərbaycan xalqını xilas etməlidir. Tədbir tökməli, ağıllı, cəsur, içi sevgi dolu, hədəfi insanı qurtarmaq olan qərarlarla, gecikmədən (ancaq tələsmədən, tələsən təndirə - virusun atəşli ağzına düşər) hərəkətə keçməlidir.
Virusu - gizli düşməni tanıtmaq (tanımaq qorunmağın şərtidir) üçün bədii dilin imkanlarından istifadə edirəm. Azərbaycan türk ədəbi dilinin beş üslubu var: elmi, rəsmi-işgüzar, məişət, publisistik, bədii. Bu üslubların heç birinin gizli düşmən olan virusu tanıtmaq üçün bədii dil qədər imkanı yoxdur. Bədii dil məcazi dildir. Məcaz bəzilərinin dediyi kimi yalan deyil. Onlar olmayan şeyə yalandır deyirlər, yalana belə tərif verirlər. Ancaq hər olmayan şey yalan deyil. Elə olsa idi, romanlar, şeirlər, filmlər yalan, onların müəllifləri də yalançı olardılar. Məcazın məqsədi görünməyən bir şeyi görünür etməkdir, obrazlar, məcazi sözlər bunun üçün var. Virus gizli düşməndir, bunu hamı qəbul edir, deyilmi?! O görünmür (görünməyən görünəndən qorxuludur). Düşmən təsəvvürümüz necədir? Bizə görə düşmən əlində silah olan bir adamdır, bağıraraq üstümüzə gələn şirdir, bizi parçalamaq istəyən canavardır, bizi zəhərləməyə çalışan ilandır. İnsan görünməyəni düşmən kimi qəbul etmir, etmədiyi üçün də tədbir almır, savaşmır, hazırlıqsız yaxalanır və öldürülür.
Bu gün insanımızın gizli düşmənlə savaşması, sayıq olması, tədbir tökməsini təmin etmək üçün ilk sırada o görünməyən düşmənin obrazının təsirli görüntüsünü ortaya qoymalıyıq. İnsan gizli düşməni görməsə, onun düşmən olmasına inanmasa, onunla savaşmayacaq. Baxın, insan oğlu hər gün gizli düşmən olan virusun öldürdüyü minlərlə insanı görür, yenə də ayılmır, mənə bir şey olmaz deyir. Gizli düşmən olan virusu görünən etmək, təsirli, tanıdıcı, hərəkətəkeçirici, savaşa hazırlayıcı obrazını yaratmaq bədii söz ustalarının işidir. Unutmayaq ki, insan ən çox gördüyünə inanır, onu yadında saxlayır, onu tanıyır, onu qavrayır.
"Qurani-Kərim"dən örnəyə baxaq. Uca Allahın fikri, ideyanı, mənanı (bunlar görünmür) görünən etmək üçün məcazların imkanlarından necə istifadə etdiyinə örnək verim. O, doğru sözlə, yalan sözü belə tanıdır: “Allahın gözəl bir sözə necə bənzətmə seçdiyini görmürsənmi? O (doğru söz) kökü (yerdə) sabit, budaqları göyə uzanan, göz oxşayan bir ağac kimidir. Rəbbinin izni ilə o, hər mövsüm bar verir. Bax (məhz) - indi uca Allah məcazın məqsədini açıqlayacaq - Allah bəlkə öyüd alarsınız deyə, insanlara belə misallar verir. Çirkin (yalan) bir söz isə (əkili olduğu) yerdən qopmuş, kökündən sökülüb çıxarılmış, (öz imkanları ilə) ayaqda dura bilməyən zavallı bir ağac kimidir...”.
Uca Allah mənanı (görünməyəni) ağac metaforuna yükləyir, obraz yaradır, inanmaq istəyəni inandırır. Sonra da bu metafor üzərindən nəticəni, hökmü verir: “Allah inanıb güvənən kimsələri sabit, sağlam bir sözlə həm bu dünyada, həm də axirətdə sapsağlam (dimdik, ayaqda) tutar və Allah zalımların ayaqlarını büdrədər...”. (İbrahim, 14/24-27)
Allah Rəsulundan da bir örnək verim: O, buyurur ki, bir gün gələcək, düşmənlərimiz ac qurd kimi üzərinizə cumacaqlar. Səhabələr soruşur ki, niyə, ey Allahın Rəsulu, o zaman sayımız azmı olacaq? O mübarək elçi cavab verir. Xeyr, sayınız çox olacaq, ancaq suyun üzərindəki saman çöpü kimi (gücsüz) olacaqsınız. Çünki dünyanı çox sevəcək, ölümdən qorxacaqsınız.
Mən deyirəm ki, gizli düşmənimizi tanıyaq, onun düşmən olduğunu qəbul edək, tədbirlər hazırlayaq. Halımızı virusun müəyyən etdiyi bu günlərdə önə çıxan önəmli anlayışlardan biri “tədbir” sözüdür. Bu söz ərəbcədir, “d-b-r” kökündəndir. “Dübür” sözü ərəbcə bir şeyin arxası anlamını daşıyır. Biz bu “arxası” sözünü “sonrası”, “gələcəyi” kimi oxumalıyıq. Yəni tədbir bir şeyin, işin, hadisənin arxa planını, içini, sonrasını, gələcəyini görüb onun baş verməməsi üçün öncədən plan hazırlamaqdır. Tədbir paketinin / anlayışının içində bunlar var:
- elm, ağıl, analiz qabiliyyəti - elmi olmayan hadisənin içini, arxasını, gələcəyini görə bilməz;
- dərin düşüncə - düşünmək əlaqə qurmaqdır, indiki halda hadisənin, yəni virusun səbəb-nəticə əlaqəsini doğru oxumaqdır;
- uzaqgörənlik - siyasi və elmi bəsirət, vəziyyəti doğru oxuma gücüdür;
- işi təşkil etmə bacarığı - işi iş bilənə vermək lazımdır, uca Allahın buyurduğu kimi iş əhlinə verilməlidir, ya da xalqımızın dediyi kimi ehtiyatlı igidin anası ağlamaz;
- təcrübə - əmək vermədiyiniz hazır xəzinədir;
- mümkün ehtimalları nəzərə almaq - dünyanın heç bir ölkəsi bu ehtimalları nəzərə almadığına görə virusa hazırlıqsız yaxalandı, nəticədə, ağır maddi və mənəvi bədəllər ödəyir və ödəyəcək (böhranlar, psixoloji xəstəliklər, infarktlar, didişmələr, boğuşmalar bizi gözləyir);
- insan sevgisi - sevmək sevdiyini qorumaq üçün tədbir almaqdır;
- məsuliyyət - uca Allah və insan qarşısında cavabdehlik duyğusudur, məsul olduğun işi vicdanla, haqqını verərək yerinə yetirməkdir;
Unutmayaq, tədbir feili (əməli) duadır, yəni qəbuluna şübhə olmayan duadır. Tədbirsiz, əməksiz, ürək və alın təri olmadan təvəkkül yoxdur. Tədbir almaq bir borc, vəzifə və qul haqqıdır. Tədbir insanların çarəsizlik duyğusunu azaldır, onlara güvən verir, güvəndən ümid doğulur, ümid qorxunu öldürür, insanın bədənini və ruhunu yaşadır.
Tədbir olmasa, ağır, çox ağır maddi və mənəvi bədəllər ödəyəcəyik. Tədbir yoxsa, təhlükə və ölüm var. Buna inanmağınızı istəyirəm: Virusun ən çox qorxduğu söz / iş tədbirdir. Tədbiriniz qədərinizi müəyyən edəcək.
Bunlar tədbirdir: tanımaq - düşmənini tanımayan onu məğlub edə bilməz. Burada tanımaq virus düşməndir demək deyil, bu, bir informasiyadır, tanımaq isə elmdir, virusun xarakterini, bulaşma, yayılma, öldürmə üsul və metodlarını bilmək, üstəlik də, onunla savaşın yollarını öyrənməkdir. Təcrid tədbirdir, təmizlik, maska taxmaq, məsafəni qorumaq tədbirdir. Elm adamı hazırlamaq, savadlı həkimlər yetişdirmək, xəstəxanalar tikmək, xəstəxanaları zəruri avadanlıqlarla təmin etmək tədbirdir. Doğru qidalanmaq, maariflənmək, dövlətin zəruri qida ehtiyatını təmin etməsi tədbirdir (lütfən, ehtiyacınız olmayan qidaları evinizə daşımayın, bu, virusu çox sevindirir, bizi virusa qorxaq göstərən hər işdən uzaq durun). Bir sözlə, bizi gizli düşmənimiz olan virusdan qoruyacaq hər addım tədbirdir. Bunların əksi də, üstəlik, xaş, soğan, sarımsaq, içki məni qoruyacaq, bu Amerikanın, Çinin, masonların oyunudur demək, virusu ələ salmaq... də tədbirsizlikdir.
Biz virusun ortaya çıxardığı şəraitə uyğunlaşmalıyıq (uyğunlaşmayan həlak olacaq), ancaq onunla, yəni insan oğlunun ilahi nizamı pozması nəticəsində ortaya çıxan virusla və onun diktə etdiyi şəraitlə (bu gün öskürək və asqırmaq belə bizi diksindirir) əsla barışmayacağıq (uyğunlaş, ancaq barışma). Elmlə, cəsarətlə, imanla, savaşıb virusu öldürəcək, fiziki və mənəvi dustaqlıq halından qurtulacağıq.
Bizi öldürsə, virus deyil, cəhalət öldürəcək. Bizi xilas etsə, xurafat deyil, elm xilas edəcək...
Uca Allah sevgili Rəsulumuza əmr edir (lütfən, diqqət edin, ana fikri tutun, bu, bir əmrdir, yerinə yetirilməsi zəruri olan işdir): “Ey Məhəmməd, Rəbbinə belə dua et: “Rəbbi zidni ilmi!” (“Rəbbim, elmimi artır!”)