Vitali Dubrova: Ukrayna cüdoçuları Bakıda üç medal qazanmaq niyyətindədirlər
Kiyev, 18 may, AZƏRTAC
Ukraynanın cüdo üzrə yığma komandasının baş məşqçisi Vitali Dubrova mayın 18-də Ukraynanın populyar XSPORT portalının qonağı olub. O, saytın oxucularına Ukrayna cüdoçularının Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlığından bəhs edib. Bu barədə AZƏRTAC XSPORT saytına istinadən məlumat verir.
V.Dubrova deyib ki, bu yaxınlarda komanda Avropa Cüdo İttifaqının Türkiyədə keçirdiyi təlim-məşq toplantısından qayıdıb. Bundan əvvəl o, Xorvatiyada Qran-Pri yarışlarında uğurla çıxış edib. Bu günlərdə komandanın dörd aparıcı idmançısı Rabata, “Masters” seriyasından nüfuzlu turnirə yola düşəcək. Həmin turnirdə hər kateqoriya üzrə 16 ən yaxşı cüdoçu iştirak edəcək. Bundan başqa, Sumıda Ukrayna kuboku, sonra isə iki qitə kuboku - Rumıniyada və Belarusda qitə kubokları keçiriləcək. Ukrayna məşqçisi deyib: “Bakı Oyunlarının başlanmasına bir həftə qalmış bəzi cüdoçularımız olimpiya təsnifatında xal qazanmaq üçün hələ Budapeştdə Qran-Pri yarışlarına gedəcəklər. İyunun 15-23-də Konça-Zaspada (Kiyev yaxınlığında olimpiya bazası - AZƏRTAC) toplantı olacaq və sonra biz təyyarə ilə Bakıya uçacağıq”.
V.Dubrova Avropa Oyunlarında cüdo üzrə Ukrayna yığmasının vəzifələrindən danışarkən deyib: “Bakıya 9 kişi və 5 qadın - rəqabət qabiliyyəti olan və yüksək yerlər uğrunda mübarizə apara biləcək idmançılar gedəcəklər. Bundan başqa, Ukrayna komanda turnirində də iştirak edəcək. Avropa çempionatı bir qədər əvvəl keçirilməli idi, lakin onun vaxtını iyunun sonuna keçirdilər. Çempionat Bakıda Avropa Oyunları çərçivəsində keçiriləcək. Zənnimcə, biz Bakıda üç medal qazana biləcəyik. Liderimiz Georgi Zantarayadan başqa, biz Yakov Xammoya, habelə qızlarımızdan Marina Çernyak, Viktoriya Turks, Svetlana Yaremka və İrina Kindzerskayaya ümid bəsləyirik”.
Tam mətnlə aşağıdakı link vasitəsilə tanış olmaq olar:
http://xsport.ua/judo_s/news/ukrainskie-dzyudoisty-poedut-v-baku-za-tremya-medalyami_144485/
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev