VLADİMİR PUTİN QİÇS-İN YAYILMASINA GÖRƏ MƏSULİYYƏTİ SƏRTLƏŞDİRMƏYİ TƏLƏB ETMİŞDİR
Putin xatırlatmışdır ki, immunitet çatışmazlığı virusuna (İÇV) yoluxmanın qarşısını almaq haqqında 1995-ci ildə qəbul edilmiş qanun İÇV-infeksiyanı qəsdən yaymağa görə məsuliyyət problemini lazımınca nəzərə almır. Prezident QİÇS-in profilaktikası və onunla mübarizə sahəsində maarifləndirmə işini gücləndirməyi də təklif etmişdir.
Dövlət başçısı vurğulamışdır ki, QİÇS-lə mübarizəyə dair regional proqramlar lazımi səviyyədə maliyyələşdirilmir. O demişdir: “Aydındır ki, büdcə pulları hər şeyə çatmır, ona görə də özəl kapitalı, siyasi partiyaları və vətəndaş cəmiyyətinin qurumlarını maarifçilik işinə daha fəal cəlb etmək gərəkdir”. Onun sözlərinə görə, belə praktika Avropada və ABŞ-da fəal tətbiq olunur.
Prezident QİÇS epidemiyası ilə mübarizə və onun nəticələrinin aradan qaldırılması haqqında uzunmüddətli strategiya hazırlanmasının vacibliyini xüsusi qeyd etmişdir.
Putin beynəlxalq standartlara uyğun olan və xəstəliklərin səbəblərini, tibbi və sosial tədbirlərin səmərəliliyini real qiymətləndirməyə imkan verən vəziyyətin obyektiv monitorinqini QİÇS-lə mübarizənin mühüm cəhəti adlandırmışdır. O bildirmişdir ki, Rusiyanın təşəbbüsü ilə QİÇS problemi “böyük səkkizlik” dövlətlərinin Sankt-Peterburqda keçiriləcək zirvə toplantısının gündəliyinə daxil ediləcəkdir.