DÜNYA
VLADİMİR PUTİN QIRĞIZISTANDA RUSİYA HƏRBİ BAZASININ AÇILIŞINDA İŞTİRAK ETMİŞDİR
“Manas” aeroportunda yüksək qonağı Qırğızıstan prezidenti Əsgər Akayev qarşılamışdır.
Hökumət evində prezidentlərin dar çərçivədə görüşü olmuşdur. Görüşdə iki dövlət arasında siyasi-diplomatik, ticarət-iqtisadi, mədəni-humanitar əməkdaşlıq, təhlükəsizliyin təmin edilməsi məsələləri, ikitərəfli və çoxtərəfli münasibətlərin aktual problemləri müzakirə olunmuşdur. Prezidentlər beynəlxalq vəziyyətlə bağlı mühüm məsələlərə də toxunmuşlar.
Əsgər Akayev və Vladimir Putin Bişkek yaxınlığındakı Kant şəhərində Rusiya hərbi aviasiya bazasını təntənəli surətdə açmışlar.
Ə.Akayev öz çıxışında qeyd etmişdir ki, Rusiya Qırğızıstan üçün həmişə müttəfiq olub və olacaqdır. Kant aviasiya bazası isə Mərkəzi Asiya regionunda sülhün və sabitliyin təmin edilməsində böyük rol oynayacaq. O, demişdir: Bu gündən Alatoo torpağının bu kiçik parçası regional təhlükəsizliyin təminatçısına çevriləcəkdir.
Mərasim iştirakçıları qarşısında çıxış edən V.Putin demişdir: Mərkəzi Asiyada hərbi-siyasi vəziyyət hazırda sabitdir. Lakin bununla belə, terrorçular tərəfindən təhlükəyə hər an hazır olmaq lazımdır.
Rusiya Federasiyası Hərbi Hava Qüvvələrinin Baş Komandanı Vladimir Mixaylovun sözlərinə görə, Kant aerodromuna artıq beş Su-27, beş L-39, altı İl-76, İl-18, An-24 və An-12 təyyarələri, iki Mi-8 vertolyotu gətirilmişdir.
Rusiya Prezidenti Vladimir Putin Bişkekdə keçirilən Rusiya-Qırğızıstan İnvestisiya forumunda da iştirak etmiş, Qırğızıstan Prezidentinin xanımı, “Meerim” Beynəlxalq Xeyriyyə Fondunun prezidenti Mayram Akayevaya “Dostluq” ordeni təqdim etmişdir.
Qırğızıstanın bir sıra ədəbiyyat, incəsənət və mədəniyyət xadimləri də Rusiyanın orden və medallarına layiq görülmüşlər.