Vladimir Vladimirov: Azərbaycanla Stavropol diyarını qardaşlıq əlaqələri birləşdirir
Moskva, 23 aprel, AZƏRTAC
Stavropol diyarı ilə Azərbaycan arasında bir çox sahələrdə aktiv qarşılıqlı fəaliyyət mövcuddur.
Bu sözləri AZƏRTAC-ın müxbirinə TASS agentliyində “BRICs və ŞƏT (Şanxay Əməkdaşlıq Təşkilatı) ölkələrində tələbə baharı” beynəlxalq festivalına həsr olunmuş mətbuat konfransında Stavropol diyarının qubernatoru Vladimir Vladimirov söyləyib. Festival iyunun 4-9-da Stavropol şəhərində keçiriləcək.
Qubernator deyib: “Azərbaycanlılar bizim diyara tez-tez gəlirlər, sizin həmvətənləriniz Yessentuki sanatoriyalarında istirahət etməyi xoşlayırlar. Bir çox stavropollular da istirahətini Azərbaycanda keçirməyə üstünlük verirlər. Biz buna çox şadıq. Azərbaycan üzərindən taxıl ixracı ilə bağlı tərəfdaşlığımız bizim üçün çox əhəmiyyətlidir. Bizim aramızda hətta dostluq deyil, qardaşlıq əlaqələri mövcuddur. Keçirdiyimiz görüşlərdə müzakirələr aparır, problemləri həll edirik”.
Bu yaxınlarda Stavropolda azərbaycanlıların olduğu mikroavtobusun yol-nəqliyyat qəzası keçirməsi ilə bağlı hadisəni xatırladan V.Vladimirov vurğulayıb: “Biz qeyri-standart vəziyyətlərdə də birgə hərəkət edirik. Həm Azərbaycan tərəfi, həm də Rusiya tərəfi hər bir insanın taleyinə diqqətlə yanaşır. Bizim müvafiq orqanlarımız qəzanın nəticələrinin aradan qaldırılmasında çox fəal iştirak ediblər, yaralıları xəstəxanalarda yerləşdiriblər, xəsarət alanların yaxınlarına dəstək veriblər”.
“BRICs və ŞƏT ölkələrində tələbə baharı” beynəlxalq festivalı Stavropolda ilk dəfə keçiriləcək. Festivalda 23 ölkənin, o cümlədən Azərbaycanın nümayəndələri iştirak edəcəklər. Bu beynəlxalq festival çərçivəsində BRICs və ŞƏT ölkələrinin gənc liderlərinin, gənc jurnalistlərin forumlarının və digər tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva