İQTİSADİYYAT
Vüqar Gülməmmədov: Nəticə əsaslı büdcəyə keçid prosesində beynəlxalq təcrübədə rast gəlinmiş çətinliklər diqqətə alınmalıdır
![Vüqar Gülməmmədov: Nəticə əsaslı büdcəyə keçid prosesində beynəlxalq təcrübədə rast gəlinmiş çətinliklər diqqətə alınmalıdır](/files/2019/2/1200x630/15641443401120043909_1200x630.jpg)
Bakı, 26 iyul, AZƏRTAC
Nəticə əsaslı büdcəyə keçid prosesində beynəlxalq təcrübədə rast gəlinmiş çətinliklər diqqətə alınmalıdır.
AZƏRTAC xəbər verir ki, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bu barədə yeni büdcə modelinə keçidin zəruriliyi və mümkün çətinliklərlə bağlı fikirlərini bölüşərkən deyib.
Palata sədri nəticə əsaslı büdcəyə keçidin müasir dövrün tələbi olduğunu, dövlət vəsaitlərinin qənaətli və səmərəli istifadəsinin təmin edilməsində xüsusi rolunu vurğulamaqla bu yanaşmanın xərclərin optimallaşdırılmasına yol açmaqla daha konkret və ünvanlı istifadəsinə xidmət etdiyini bildirib. O, beynəlxalq təcrübədə ölkələrin bu modelə keçidi zamanı bir sıra çətinliklərlə üzləşdiyini diqqətə çatdırıb, həmin çətinliklərə büdcə təşkilatlarının sayının çoxluğunu, yeni modelin qavranması və əhəmiyyəti ilə bağlı icraçı məmurların məlumatsızlığını, geniş məlumat bazalarının emalına imkan verən informasiya sistemlərinin olmamasını və ya bu sistemlərdən istifadə etmək səriştəsində boşluqları aid edib.