MƏDƏNİYYƏT
Vyana Akademik orkestri solistlərinin çıxışı alqışlarla qarşılanıb
Qəbələ, 25 iyul (AZƏRTAC. Anar Rzayev). Heydər Əliyev Fondunun möhtəşəm mədəniyyət layihələrindən biri olan VI Qəbələ Beynəlxalq Musiqi Festivalı uğurla davam edir.
AZƏRTAC xəbər verir ki, festivalın proqramına uyğun olaraq iyulun 25-də “Qafqaz Resort” otelinin kamera zalında keçirilən növbəti kamera musiqisi axşamında Vyana Akademik orkestri solistləri çıxış ediblər.
Klassik Avropa bəstəkarlarının əsərlərini təqdim edən Avstriya orkestri solistləri gözəl çıxışları ilə dinləyicilərin qəlbinə yol tapıb.
Musiqi axşamında Volfqanq Amadey Mosartın və Yozef Haydnın əsərləri ifa olunub.
Tanınmış musiqi kollektivinin çıxışı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Bir çox nüfuzlu beynəlxalq mükafatlara layiq görülən Vyana Akademik Orkestri klassik musiqi, caz və yeni əsr musiqisinin qlobal ritmlərinin ahəngi və təsiri ilə dolu olan coşqun, emosional və ekzotik melodiyaların çox maraqlı kolleksiyasını tamaşaçılara təqdim edə bilib.
1985-ci ildə məşhur dirijor və orqan ifaçısı Martin Heselbok tərəfindən təməli qoyulan orkestr ifaçılıq məharəti, virtuozluq, incəlik kimi xüsusiyyətlərinə görə beynəlxalq şöhrət qazanıb.
Bütün dünya üzrə onlarla konsertləri ilə tanınan Vyana Akademik Orkestri instrumental musiqinin ən parlaq ulduzları hesab olunur.