MƏDƏNİYYƏT
Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində klassik musiqi axşamı təşkil olunub
Bakı, 28 sentyabr, AZƏRTAC
Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı çərçivəsində Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində klassik musiqi axşamı təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova hər il Azərbaycanda geniş qeyd olunan Milli Musiqi Günü və bu günün birbaşa əlaqədar olduğu ölməz Azərbaycan bəstəkarı, musiqişünas alim, dramaturq, maarifçi və ictimai xadim Üzeyir Hacıbəyli barəsində məlumat verib. Qeyd edilib ki, Ümummilli Lider Heydər Əliyevin 1995-ci ildə imzaladığı Sərəncama əsasən məhz dahi bəstəkarın doğum günü Azərbaycanda Milli Musiqi Günü kimi bayram edilir. Sevindirici haldır ki, Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra dahi Üzeyirin vətənində, Azərbaycan musiqisinin beşiyi Şuşada yenidən Azərbaycan musiqisi səslənir, festivallar keçirilir, insanlar öz doğma torpaqlarına geri dönürlər. Azərbaycan xalqı Vətən torpaqlarının azadlığı, ərazi bütövlüyünün bərpası uğrunda canından keçən bütün övladlarının əziz xatirəsini minnətdarlıqla yad edir.
Üzeyir Hacıbəylinin həyat və yaradıcılığına həsr olunmuş geniş təqdimat zamanı dahi bəstəkarın ömür və yaradıcılıq yoluna nəzər salınıb, onun nəinki Azərbaycan, həm də klassik musiqi tarixində tutduğu yerdən bəhs edilib. Tədbir zamanı Üzeyir Hacıbəylinin eyniadlı məşhur operettasının motivləri əsasında 1945-ci ildə ekranlaşdırılan “Arşın mal alan“ bədii filmindən parçalar nümayiş etdirilib.
Eyni zamanda, diqqətə çatdırılıb ki, dahi bəstəkarın bu əsəri dünyanın bir çox ölkəsində nümayiş etdirilib və həmin ölkələrdən biri də Avstriyadır. Belə ki, 2006-cı ildə bu əsər “Salam Orient“ festivalı çərçivəsində yerli musiqiçilərin iştirakı ilə alman dilində opera həvəskarlarına təqdim olunub və böyük rəğbətlə qarşılanıb.
L.Qasımova qonaqlar arasında yer alan festivalın intendantı Norbert Ehrlix və əsəri Vyanada səhnələşdirən rejissor, bəstəkar və dirijor Maykl Şnaka belə bir uğurlu layihəyə imza atdıqlarına görə minnətdarlığını bildirib.
Sonra Vyanada yaşayan musiqiçilər Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət klassik konsert proqramı ilə çıxış ediblər. Avstriyada yaşayan gənc Azərbaycan musiqiçiləri və onların həmkarları - Fərid Feyzullayev (violin), Daniele de Veççi (violin), Jalə Rəsulova (fortepiano), Lidiya Maşek (violençello), Filip Henri (gitara) Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Qara Qarayev, Arif Məlikov, Soltan Hacıbəyli və digər bəstəkarların əsərlərini səsləndiriblər.