Vyanada Azərbaycanın Konstitusiya və Milli Dirçəliş günləri münasibətilə tədbir keçirilmişdir
Vyana, 16 noyabr (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Avstriyadakı nümayəndəliyinin təşkilatçılığı ilə Konstitusiya və Milli Dirçəliş günləri münasibətilə Vyanada tədbir keçirilmişdir.
Tədbirdə ARDNŞ-in Avstriyadakı nümayəndəliyinin və Azərbaycan Respublikasının Avstriyadakı səfirliyinin əməkdaşları, bu ölkədə yaşayan, təhsil alan, habelə müxtəlif qurumlarda, o cümlədən Vyanada olan beynəlxalq təşkilatlarda çalışan azərbaycanlılar, və yerli ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
ARDNŞ-in Avstriyadakı nümayəndəliyinin başçısı Gülmirzə Cavadov tədbiri giriş sözü ilə açaraq, Dirçəliş Gününün Azərbaycan xalqının milli azadlıq hərəkatı tarixində oynadığı xüsusi rolu, müstəqilliyin bərpa olunmasından ötən dövrdə Azərbaycanın keçdiyi inkişaf yolu və əldə etdiyi nailiyyətlər barədə danışmış, bu gün ölkəmizin yerləşdiyi regionda əsas söz sahibinə çevrildiyini, güclü iqtisadiyyata malik Azərbaycanda müasir dövlət quruculuğunun həyata keçirildiyini diqqətə çatdırmışdır. Çıxışın sonunda G. Cavadov hər iki bayram münasibətilə qonaqları təbrik etmiş və onlara öz təşəkkürünü bildirmişdir.
Mərasimdə milli xalq musiqimizin sədaları altında Azərbaycana həsr olunmuş vidoçarxları nümayiş olunmuş, qonaqlara xatirə hədiyyələri təqdim edilmişdir.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana