“Winter Cup Balakən-2” yarışının qalibləri mükafatlandırılıb
Balakən, 29 mart, Mustafa Dadaşov, AZƏRTAC
Balakən rayonunda “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə “Winter Cup Balakən-2” adlı yeniyetmə liqasına yekun vurulub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Balakən Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı, rayon Təhsil Şöbəsinin və YAP rayon Gənclər Birliyinin dəstəyi ilə keçirilən, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan liqa yarışlarında 17 məktəb komandasının tərkibində 100-dən çox gənc iştirak edib.
Keçən il dekabrın 29-da startı verilən və üç ay davam edən yarışda Balakən şəhərindəki 1 saylı tam orta məktəbin komandası daha uğurla çıxış edərək liqanın qalibi adını qazanıb. Sonrakı yerləri Balakən humanitar və texniki təmayüllü liseyin və Qaravəli kənd orta məktəbin komandaları tutublar.
Liqanın yekununa həsr olunmuş mərasimdə rayon Gənclər və İdman İdarəsinin rəisi Rasim Paçalov, Təhsil Şöbəsinin nümayəndəsi Rasim Orucov, YAP Balakən rayon təşkilatı Gənclər Birliyinin sədri Sərxan Hacıyev çıxış edərək, yarışların əhəmiyyətindən danışıblar. Bildirilib ki, yeniyetmə liqasının təşkilində əsas məqsəd gənc nəslin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, gənclərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməklə onları pis vərdişlərdən uzaqlaşdırmaq, intellektual oyunlar vasitəsilə Azərbaycanın zəngin milli mədəniyyətini və tarixini təbliğ etməkdir.
Tədbirin sonunda liqanın qaliblərinə mükafatlar təqdim olunub.