www.icazeler.gov.az portalının xidmətlərindən 202 minə yaxın istifadəçi yararlanmışdır
Bakı, 13 noyabr (AZƏRTAC). İcazə sənədləri və onların alınması prosedurları barədə ölkə vətəndaşlarının, eləcə də sahibkarların məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən yaradılmış www.icazeler.gov.az portalının xidmətlərindən indiyədək 202 minə yaxın internet istifadəçisi yararlanmışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, təkcə oktyabrda 12 min 500-dən çox internet istifadəçisi portala müraciət etmişdir. Portalın istifadəçiləri arasında 37 ölkədən, o cümlədən Böyük Britaniya, Rusiya, ABŞ, Türkiyə, Almaniya, Ukrayna, Latviya, Cənubi Koreya, Qazaxıstan, Gürcüstan, İtaliya, Norveç, BƏƏ, Avstraliya, Fransa, Malayziya, Macarıstan, Hindistan, Polşa, İsveç, Avstriya, Hollandiya, Yaponiya və digər ölkələrdən olan istifadəçilər üstünlük təşkil etmişdir.
Portalda sahibkarların məlumatlılıq səviyyəsini artırmaq, qanunvericilik aktlarının hazırlanması prosesində onların yaxından iştirakını təmin etmək məqsədilə mərkəzi icra hakimiyyəti orqanlarının qanunvericilik aktlarının layihələri də yerləşdirilir. İndiyədək 17 dövlət qurumunun 129 qanunvericilik aktlarının layihəsi icazələrin elektron informasiya portalında yerləşdirilərək ictimai müzakirəyə təqdim olunmuşdur.