Xabarovskda “Azərbaycan Mədəniyyəti Günləri” festivalı keçirilib
Moskva, 23 noyabr, AZƏRTAC
Rusiyanın Xabarovsk diyarında Azərbaycan Mədəniyyəti Günləri keçirilib.
AZƏRTAC xəbər verir ki, noyabrın 18-20-də keçirilmiş “Azərbaycan Mədəniyyəti Günləri” festivalı çərçivəsində bir neçə tədbir, o cümlədən dəyirmi masa, yaradıcı və kulinar ustad dərsləri, dekorativ-tətbiqi yaradıcılıq sərgisi və Müslüm Maqomayevin anadan olmasının 80 illiyinə həsr edilmiş konsert təşkil edilib. Tədbirlərdə Rusiyanın müxtəlif regionlarından olan qonaqlar iştirak ediblər.
Rusiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr edilmiş dəyirmi masada Xabarovsk diyarının daxili siyasət komitəsinin sədr müavini Aleksandr İvagin, “Xabarovsk diyarı xalqlarının Assambleyası” ictimai təşkilatının sədrinin birinci müavini Vladimir Beyk və bu təşkilatda Xabarovsk diyarının müxtəlif xalqlarını təmsil edən üzvlər iştirak ediblər.
Dəyirmi masa iştirakçıları Azərbaycanın və Rusiyanın qarşılıqlı əlaqələri məsələlərini və iki ölkə arasında əlaqələrin nizamlanmasında ictimai təşkilatların rolunu müzakirə ediblər.
“Azərbaycanlılar birliyi” vilayət təşkilatının sədri Məmməd İsgəndərov tədbir iştirakçılarına xatirə hədiyyələri - Azərbaycanın tarixini və mədəni irsini əks etdirən “Azərbaycan Böyük Vətən müharibəsi illərində” və “Bakı qalası İçərişəhər” kitablarını təqdim edib.
Noyabrın 20-də şəhər sakinləri festivalın zəngin proqramı - yaradıcı və kulinar ustad dərsləri, milli mətbəx nümunələrinin dequstasiyası, milli musiqi alətləri və dekorativ-tətbiqi yaradıcılıq nümunələri ilə tanış olublar. Təbirin qonaqları Azərbaycan xalqının mədəni mühitinə düşüblər: milli xörəklərin və şirniyyatın dadına baxıb, sazda canlı milli musiqiyə qulaq asıb, ustad dərslərində iştirak ediblər. Azərbaycanın görkəmli şəxsiyyətlərinin, ictimai xadimlərin, mədəniyyət xadimlərinin portretləri qalereyası nümayiş etdirilib.
Tədbirin təşkilatçılarından biri, Xabarovsk diyarındakı “Azərbaycanlılar birliyi” vilayət təşkilatının sədri Məmməd İsgəndərov bu bayram şənliyini şərh edərək deyib: “Biz Xabarovsk sakinlərini və bu şəhərin qonaqlarını Azərbaycan mədəniyyəti ilə tanış etmək istəyirik. İstəyirik ki, onlar bizim haqqımızda bilsinlər, bizim mədəniyyətə maraq oyansın, Rusiya ilə Azərbaycan arasında mədəni əlaqələr inkişaf etsin.
Sərgidən və milli mətbəx nümunələrinin dequstasiyasından sonra Müslüm Maqomayevin anadan olmasının 80 illiyinə həsr edilmiş konsert olub.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva