Xaçmaz rayonunda əhali arasında sağlam həyat tərzinin təbliği məqsədi ilə maarifləndirmə tədbiri keçirilmişdir
Bakı, 3 may (AZƏRTAC). “Sağlam Həyat” Ana və Uşaqlara Qayğı İctimai Birliyi (İB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə regionlarda “Sağlam uşaq - sağlam gələcəyin təminatıdır” - uşaqlar üçün mənəvi və fiziki sağlamlıq tədbirlərinin reallaşdırılması” adlı layihə həyata keçirir.
Birliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, layihənin icrası məqsədi ilə növbəti maarifləndirmə tədbirləri Xaçmaz şəhərinin 1 nömrəli orta məktəbində və Xaçmaz kənd orta ümumtəhsil məktəbində keçirilmişdir.
Seminar “Sağlam Həyat Tərzi” məqsədini daşımaqla siqaret və narkomaniyaya, HİV/AİDS (İİV/QİÇS) və digər yoluxucu xəstəliklərə qarşı mübarizə sahəsində uşaqların məlumatlılıq səviyyəsinin artırılması məqsədini daşımışdır.
Seminarı İB-nin sədri Aytən Səfixanlı açaraq Azərbaycan dövləti tərəfindən uşaq və gənclərin sağlamlığının qorunmasına, sağlam həyat tərzinin təbliği prosesinə xüsusi diqqət yetirildiyini, qəbul olunmuş dövlət proqramlarında və Milli Fəaliyyət planlarında bu istiqamətdə maarifləndirmə tədbirlərinin keçirilməsinin vacibliyinin vurğulandığını, vətəndaş cəmiyyəti institutlarının bu prosesə fəal cəlb edilməsi sahəsində konkret addımların atıldığını diqqətə çatdırmışdır.
Tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyətinin nümayəndəsi çıxış edərək, bu cür maarifləndirmə tədbirlərinin regionlarda həyata keçirilməsini yüksək dəyərləndirmiş, sağlam həyat tərzinin təbliğinin vacibliyini vurğulamış, rayonda bu istiqamətdə görülən işlər haqqında danışmışdır.
Seminarda uşaq və gənclərə, o cümlədən müxtəlif peşə sahiblərinə siqaretin, narkotik vasitələrin və spirtli içkilərin, ümumilikdə zərərli vərdişlərin qarşısının alınması yolları, İİV/QİÇS haqqında, bu xəstəliyin yoluxma yolları, İİV-infeksiyasının diaqnostikası, İİV/QİÇS-lə bağlı “Qaynar xətt” və digər yoluxucu xəstəliklər və onlardan qorunma üsulları haqqında danışılmış, iştirakçıların fikirləri öyrənilmiş, sualları cavablandırılmışdır.
Eyni zamanda, iştirakçılara “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında ana və uşaqların sağlamlığının qorunmasına dair Dövlət Proqramının qəbul edilməsinin, uşaq və yeniyetmələr arasında profilaktik müayinələr və dispanserləşdirmə aparılması işinin gücləndirilməsinin, yoluxucu xəstəliklərə qarşı mübarizənin gücləndirilməsi məqsədi ilə uşaqlar arasında immunoprofilaktika işlərinin aparılması üçün müvafiq tədbirlərin həyata keçirilməsinin nəzərdə tutulduğu diqqətə çatdırılmışdır.
İştirakçılar arasında mövzu ətrafında interaktiv müzakirələr aparılmış, bu kimi tədbirlərin ölkənin regionlarında, xüsusilə, qəsəbə və kəndlərdə, əhalinin sıx yaşadığı bölgələrdə keçirilməsinin əhəmiyyəti qeyd edilmiş və davamlı olması arzulanmışdır.